İsveçdə 2024-cü ildə Qurani-Kərimi yandıraraq sosial mediada canlı yayımlayan Ceyd Sandberq barəsində məhkəmə hökmü çıxarılıb.
Sherg.az qafqazinfo-ya istinadən xəbər verir ki, Stokholm Rayon Məhkəməsi 50 yaşlı Sandberqi dini nifrəti qızışdırmaqda və nifrət cinayəti törətməkdə təqsirli bilib.
Məhkəmənin qərarı ilə Ceyd Sandberqə şərti azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, təqsirləndirilən şəxs 3000 İsveç kronu (təxminən 275 avro) məbləğində məhkəmə cəriməsi, Cinayət Qurbanları Fonduna 1000 kron və dövlət müdafiə xərclərini qarşılamaq üçün 17000 kron (təxminən 1500 avro) ödəməlidir.
Qeyd edək ki, Sandberq 2025-ci ildə Stokholm məscidinin qarşısında törətdiyi digər təxribat zamanı səsləndirdiyi çıxışlarla bağlı irəli sürülən bəzi ittihamlardan isə bəraət alıb.
Xatırladaq ki, Ceyd Sandberq 24 avqust 2024-cü ildə Stokholmun "Odenplan" meydanında Quran nüsxəsini yandıraraq ayaqlar altına almış və bu təxribatı sosial media hesabında canlı yayımlamışdı. Hadisədən dərhal sonra faktla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsi təqdim edilmişdi.