Daşkənd 2040-a hazırlaşır, Özbəkistan paytaxtını tamamilə dəyişəcək nəhəng layihələri açıqladı
Bakıda keçirilən WUF-13 Ümumdünya Şəhərsalma Forumu çərçivəsində dünyanın müxtəlif ölkələri öz pavilyonları ilə iştirak edir. Forum iştirakçılarına şəhərsalma, dayanıqlı inkişaf və gələcəyin urbanistika layihələri təqdim olunur. Tədbirdə yer alan Özbəkistan pavilyonu da ziyarətçilərin diqqətini cəlb edən məkanlardan biridir. Pavilyonda ölkənin gələcək inkişaf planları, xüsusilə paytaxt Daşkənddə həyata keçirilən müasir şəhərsalma layihələri nümayiş etdirilir.
Özbəkistan pavilyonunun təmsilçisi Rayxona Bekmuradova quculuq layihələri ilə bağlı Sherg.az-a danışıb:
"Layihəmiz Özbəkistanın paytaxtı Daşkəndlə bağlıdır. Layihəyə əsasən, 2040-cı ilə qədər şəhərdə genişmiqyaslı quruculuq işlərinin tamamlanması nəzərdə tutulur. Hazırda artıq bir sıra layihələr həyata keçirilib.
Məsələn, “Magic City”, “Tashkent Hall” və “Tashkent City” kimi məkanların tikintisi başa çatıb. İndi isə yeni şəhərsalma layihələrinə start verilib və müxtəlif ərazilərdə yeni şəhərciklər salınır.
Özbəkistanda Daşkəndlə yanaşı, Səmərqənd kimi tarixi şəhərlər də var. Bilirsiniz ki, Səmərqənd çox qədim və zəngin tarixə malik bir məkandır. Orada da yaşıllıqların artırılması və müasir infrastrukturun qurulması istiqamətində işlər görülür.
Daşkənddə həm yaşıl zonalar, həm də göllər salınır. Hazırda şəhər sürətlə inkişaf edir və abadlıq-quruculuq işləri davam etdirilir".
Özbəkistan təmsilçisi Azərbaycanda ölkələrini təmsil etməkdən qürur və xoşbəxtlik duyduqlarını deyib:
"Azərbaycan bizim qardaş ölkəmizdir. Bizim üçün burada Özbəkistanı tanıtmaq çox maraqlı və qürurvericidir. İnsanlar pavilyona gəlir, Özbəkistanı və Daşkənddə həyata keçirilən layihələri yaxından tanıyırlar. Bu da həm onları, həm də bizi sevindirir".