Azər Qasımov: "İran 30 ildir Azərbaycana qarşıdır, indi də başqalarına yol göstərir"
İran rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə Azərbaycanı şikayət edib. Vilayəti iddia edib ki, Azərbaycan islam dünyasının xeyrinə olmayan hərəkətlərini davam etdirir. Qeyd edib ki, Bakı Əhməd əş-Şara və "sionist rejim"in nümayəndələrinin görüşünü təşkil edir, İsrailə neft göndərir" və s. Vilayəti buna görə Pakistanı Azərbaycandan hesabat istəməyə dəvət edib: "Siz onlardan müsəlmanların və islam dünyasının mənafeyinə zidd olan hərəkətləri niyə etdikləri barədə soruşmalısız". Qeyd edək ki, uzun illər İran XİN rəhbəri olan Əli Əkbər Vilayəti Azərbaycana qarşı xüsusi mövqeyi ilə seçilib və İranda “qatı antitürk şəxs” hesab edilir. 90-cı illərdə Azərbaycan torpaqlarının işğal olunmasında və Ermənistanın iqtisadi-siyasi baxımdan ayaqda qalmasında xüsusi rol oynayan Vilayəti 2020-ci ildən sonra Qarabağın işğaldan azad edilməsinə görə Azərbaycanı təbrik etsə də, Zəngəzur dəhlizinin açılmasına qarşı ən kəskin çıxış edənlərdəndir.
Politoloq Azər Qasımov Sherg.az-a açıqlamasında deyib ki, Əli Əkbər Vilayətinin Azərbaycan əleyhinə absurd ritorikasına çoxdan alışmışıq. Ekspert vurğulayıb ki, Vilayətinin Pakistan dövlətinə məsləhət vermək kimi bir imtiyazı yoxdur:

"Vilayəti İran rəsmisi kimi əvvəla öz ölkəsinin hərəkətlərinə cavabdeh olsun. İranın Azərbaycan əleyhinə 30 ildən artıq müddətdə yürütdüyü siyasətə baxsın. Vilayəti əgər dövlət təfəkkürü olan bir rəsmi şəxs olsaydı, yaxşı başa düşməli idi ki, hər bir dövlət digər ölkələrlə öz maraqları və yaxın qardaşlıq əlaqələri çərçivəsində əməkdaşlıq edir. Azərbaycanın əməkdaşlıq etdiyi İsrail bizim çətin günlərimizdə həmişə yanımızda olub, öz dəstəyini əsirgəməyib. İrandan fərqli olaraq işğalçının yox, işğala məruz qalanın yanında olub. İndi Azərbaycanın dostlarının da yardımı ilə bu prosesdən uğurla və qələbə ilə çıxdıqdan sonra həm regional, həm də Yaxın Şərqdə fəaliyyəti üçün imkanlar yaranıb. Azərbaycanın geosiyasi əlaqələri genişlənib. Əgər Azərbaycan tərəfi İsrail və Suriya arasında vasitəçi kimi çıxış edərək onların arasında gərginlik yaratmağa nail olursa, bunu ancaq alqışlamaq lazımdır, İran kimi buna qısqanclıqla yanaşmaq yox..".
Analitik əlavə edib ki, İran rejimi Suriyadan qovulmasının acısını öz siyasətində axtarmalıdır:
"Öz ölkəsinə qarşı vəhşiliklər edən Əsəd rejimini dəstəkləyən İran rejimi sonunun belə olacağını bilməliydi. Pakistan rəhbərliyinin Vilayətinin məsləhətinə ehtiyacı yoxdur. Qardaş Pakistan dövləti Azərbaycan dövlətinin siyasətinin incəliklərini İran fars molla rejiminin Vilayəti kimi rəsmilərindən yaxşı bilir. Vilayəti və digərləri əgər bu 30 ildə Azərbaycanın yanında səmimi şəkildə olsaydılar, indi Azərbaycan siyasətinin nədən ibarət olduğuna bilavasitə özləri yaxından bələd olacaqdılar. Başqa dövlətlərə bu siyasətə təsir etmək üçün məsləhətlər verməyəcəkdilər. Hesab edirəm ki, qardaş Pakistan dövləti ilə Azərbaycan dövlətinin münasibətləri sadəcə iki sıradan dövlətin münasibəti yox, iki qardaş dövlətin strateji münasibəti çərçivəsindədir. Vilayətiyə xatırlatmaq istəyirəm ki, Pakistan ilə Azərbaycan arasında "Bakı bəyannaməsi" bağlanıb. Bunun nə demək olduğunu da unutmasın".