Paşinyan indiki vəziyyətdə prezident olmaq istəməz


Baş nazir yaxın ətrafından birinin namizədliyini irəli sürəcək

Ermənistan Prezidenti Armen Sarkisyan istefa mətnində parlament üsul-idarəsinin neqativlərindən söz açıb. Sarkisyan bildirib ki, Ermənistan formaca parlamentli respublikadır, mahiyyətcə yox. Sabiq prezident iddia edib ki, onun məqsədi idarəetməni parlament respublikasından yarımprezident və ya prezident respublikasına keçirmək deyil. Sadəcə qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılmasını təklif edir: “Bunsuz ciddi nailiyyətlər əldə etməkdən danışmaq çox çətindir. 

Çünki inkişaf və uğur yalnız proqnozlaşdırıla bilən, ahəngdar bir sistemdə əldə edilə bilər. Şadam ki, konstitusiyanın dəyişməsi ilə bağlı komissiya yaradılıb. Buna görə hökumətə minnətdaram. Ümid edirəm, nəhayət, konstitusiya dəyişikliyi baş tutacaq və növbəti prezident və prezident institutu sistemləşdirilmiş mühitdə daha balanslı işləyə biləcək”. Erməni mediasında tirajlanan fikirlərə görə, Baş nazir Nikol Paşinyan indiki imkanlarından bəhrələnməklə, Ermənistanda idarəetməni dəyişmək niyyətindədir. Paşinyan idarəetməni dəyişməklə, ilk növbədə hakimiyyətinin ömrünü uzatmaq və ölkəni yenidən Koçaryan-Sarkisyan cütlüyünün nəzarətinə keçməkdən sığortalamaq istəyir. Paşinyan hesab edir ki, keçmiş prezident Serj Sarkisyanın istəyi ilə 2015-ci ildə tələsik qəbul olunan konstitusiyada ciddi boşluqlar var. Misal üçün, hazırkı konstitusiyaya görə baş nazirin Konstitusiya Məhkəməsinin rəhbərini vəzifəsindən azad etmək hüququ yoxdur. Nikol Paşinyan 2018-ci ildə inqilab yolu ilə hakimiyyətə yiyələnsə də, Konstitusiya Məhkəməsinin tərkibini dəyişdirə bilməmişdi. Keçmiş hakimlər Sarkisyanın adamları olduğundan Paşinyana problemlər yaradırdılar. Məlumatlara görə, baş nazir konstitusiya islahatları ilə bağlı komissiyanın yaradılması tapşırığını verib. Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan deyib ki, dəyişikliklər sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlıdır. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Şərq”ə bildirib ki, Sarkisyanın qəfil istefası Nikol Paşinyanın planlarını alt-üst etdi. Analitikin fikrincə, Sarkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq: “Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz. O, yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində Armen Sarkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil. Armen Sarkisyanın qəfil istefasından sonra Paşinyan konstitusiya islahatlarına maraq göstərməyə də bilər. Çünki özü prezident olmayacaqsa, başı üzərində güclü fiqurun səlahiyyət sahibi olması onun lehinə olmayacaq”.