Paşinyan manevr edir:“Demarkasiyaya mane olan Ermənistan rəhbərliyidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında bildirib ki, delimitasiya və demarkasiya işlərinin gücləndirilməsi lazımdır. O, həll edilməsi üçün daha çox vaxt tələb edən məsələlər olduğunu vurğulayıb.
“Ancaq yanaşma birmənalı olmalıdır - buna getmək”, - deyə Baş nazir bildirib.
Paşinyan qeyd edib ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən biri regionda kommunikasiyaların açılmasıdır. 
Sərhəddə törədilən təxribatları nəzərə alsaq, Paşinyanın verdiyi açıqlamanın tamamilə monipulyativ olduğunu görərik. Necə olur ki, təxribatlar törədilir, ancaq Baş nazir delimitasiya və demarkasiya işlərinin gücləndirilməsini diqqətə çatdırır.

Paşinyanın ziddiyətli açıqlamasını “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev vurğulayıb ki, əslində Paşinyanın nə demək istədiyinə diqqət yetirmək lazımdır, nəinki açıqlamalarda istifadə etdiyi sözlərə:

“Ümumi çıxışlara baxsaq, Paşinyan həm də deyir ki, sülh istəyir, amma sülhü Dağlıq Qarabağın xüsusi statusu və yaxud ayrıca dövlət kimi Ermənistana birləşdirilməsi şərti ilə istəyir. Əlbəttə bu, bizim üçün sülh yox, müharibə deməkdir. Eynilə onun demarkasiya və delimitasiya ilə bağlı dedikləri də buna uyğundur. Yəni delimitasiya və demarkasiyanın gücləndirilməsini tezliklə başa çatmasını istəyir, ancaq hansı şərtlərlə? O şərtlərlə ki, müəyyən ərazilərimiz yenə də Ermənistan tərəfində qalmalı, sərhədlər onların istədiyi şəkildə çəkilməli və postlar da istədikləri formada qurulmalıdır”.

T.Rzayev qeyd edib ki, əslində Paşinyan öz mövqelərini nəzərə alıb belə açıqlama verir:

“Biz isə bütün sərhədlərin sovet dövründə olduğu kimi həmin dövrün xəritələrinə uyğun olaraq çəkilməsi ilə prosesin yekunlaşmasını istəyirik. Aramızdakı əsas fərq budur.

Müharibə aparan ölkə rəhbərləri beynəlxalq mediaya açıqlama verəndə özlərini daha çox sülhpərvər və qarşı tərəfə aqressiya göstərməyən biri kimi təqdim edir.

Əslində isə belə deyil. Paşinyanın da həm sülh , həm də demarkasiya və delimitasiya ilə bağlı çıxışları xarici mediaya ismarıc kimi dəyərləndirilə bilər. Yəni Paşinyan guya sülhpərvər bir ölkə rəhbəridir. Lakin bilirik ki, sərhəd xəttində baş verən toqquşmaların səbəbi məhz Ermənistandan qaynaqlanır.

Delimitasiya və demarkasiyanın başa çatması, kommunikasiya xətlərinin açılmasına mane törədən də Ermənistan rəhbərliyi və ordusudur”.