Paşinyan ölkə hayında Makron nüfuz axtarır

"Minsk qrupu həmsədrlik institutunun faktiki "dəfni" Parisin əlindəki daha bir şansın buraxılması deməkdir”
“Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra Türkiyənin Cənubi Qafqaza gəlişi Makronun sinirlərini gərib”
“Parisin tələblərinə arxalanıb baş qaldırmaq Ermənistanla sərhəddə yeni hərbi toqquşmanı qaçılmaz edəcək. Azərbaycan növbəti uğurlu əməliyyata imza atacaq"
  Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı Azərbaycana çağırış edib. Makron sərhəddə əvvəlki mövqelərə qayıtmağın vacibliyini önə çəkib. Paşinyan isə Makronun mövqeyindən ilhamlanaraq sərhəddəki uğursuzluqları “Azərbaycan Qarabağla danışıqlar aparsın” deməklə kompensasiya etməyə çalışıb. Paşinyanın hiyləgər və ikibaşlı açıqlamaları Fransanın qlobal siyasətdə uğursuzluqlara düçar olmasını ört-basdır etməsinə yardımçı olur. Fransa yedəyinə aldığı Ermənistan vasitəsilə özünün "təşəbbüskar və həlledici oyunçu" olduğu fikirlərini tirajlayır. Lakin qlobal miqyasda Parisin Makrona görə hörmətsizliklər burulğanına yuvarlanması sürətlənir. Ekspertlərin fikrincə, Makronun Paşinyanla görüşdən sonrakı bəyanatının izlərini həm də onun beynəlxalq siyasətdəki zəifləyən rolu kontekstində qiymətləndirmək lazımdır. 
  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə bildirib ki, Böyük Britaniya, ABŞ və Avstraliya 2021-ci ilin sentyabrında üçtərəfli müqavilə imzalayandan sonra Makron əsəbindən zəncir çeynəyir. Çünki bu, Parisin qlobal sıxışdırılmasına başlanıldığının və onun müstəqil güc olmaq istəklərinə qarşı sədd çəkilməsinin göstəricisi idi: 
"Bununla da Fransa Asiya-Sakit okean regionunda maraqlarının ofsaydda qalması təhlükəsi ilə üzləşir.   Ardınca isə Rusiya-Ukrayna müharibəsinin meydana çıxması Paris üçün də növbəti uğursuzluq pəncərəsi açır. Fransa Rusiya ilə isti münasibətlər sisteminə üstünlük verdiyindən Makron Qərbin birləşmiş gücü tərəfindən sülhpərvər moderatorluq missiyası ilə təlimatlandırıldı. Ancaq Makron Rusiya Prezidenti Vladimir Putini Ukraynada müharibə başlatmaqdan çəkindirə bilmədi. Əksinə, Kremldə Putin tərəfindən alçaldıcı şəkildə qəbul edildi. Müharibə başlayandan sonra da Makron Ukraynaya həlledici dəstək vermək əvəzinə, Kiyevə ilıq dəstək nümayiş etdirdi. Putinlə danışıqları davam etdirmək əzmini göstərdi.
  Bu qədər səyə rəğmən, Makron Qərbin nüfuzlu lideri statusuna sahiblənmir. Onun Moskvaya baxış bucağı Fransanın Qərbdə vizyonunu inkişaf etdirmək imkanını əldən verir. Beləcə, Fransanın tam spektrli güc olmaq iddiası əsaslı şəkildə zəifləyir, hərçənd ki, Fransa hələ də geniş diapazonlu diplomatik şəbəkəsindən qopmayıb. Fransanın strateji oturuşu-duruşu Britaniyanı da hiddətləndirir. Tərəflər bir-birinin paxırlarını açmaq səylərinə girişirlər. Ambisiyaları böyüyən və praktiki faydalar qazanan Britaniya Fransanı qlobal liderlik zirvəsindən üzüaşağı itələməkdə maraqlıdır. Britaniyanın bu yanaşması davamlı olacaq və o, ABŞ-la birlikdə Fransanı sıxışdırmaq prosesini sistemli hala salacaq".
Ekspertin sözlərinə görə, vəziyyətin özü üçün fəlakət olacağını görən Fransa gözünü Cənubi Qafqaz regionuna dikməyə məcburdur:
 "ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun faktiki "dəfni" Parisin əlindəki daha bir şansın buraxılması deməkdir. Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra Türkiyənin Cənubi Qafqaz regionuna gəlişi Makronun sinirlərini gərib. Fransa rəhbəri Ermənistana dəstək durmaqdan başqa çarə tapmır. Erməni icmasının qanayan yarasını sarımaq da bunun səbəbləri sırasında dayanır. Makron Fransanın ənənəvi erməni sevgisinə sadiqliyini nümayiş etdirir. Ona görə də Makronun Paşinyanla görüşü, verdiyi bəyanat Azərbaycanın Türkiyə ilə birgə atdığı addım səslərini batırmaq gücündə olmayacaq. Fransa Azərbaycan-Ermənistan sərhədindəki toqquşmaların yaratdığı yeni xəritəni dəyişdirə bilməyəcək. Parisin tələblərinə arxalanıb baş qaldırmaq Ermənistanla sərhəddə yeni hərbi toqquşmanı qaçılmaz edəcək. Azərbaycan növbəti uğurlu əməliyyata imza atacaq".