Polad Həşimovu kimlər şərləmək istəyib? – Qazi dəhşətli faktlar açıqladı 

“Bir neçə ay öncə şəhid general Polad Həşimovla bağlı status yazıb qeyd etmişdim ki,  zaman gələcək o insanın mənə dediklərini sizinlə bölüşəcəm. Vədə yetişdi. “Tərtər hadisələri”nin yenidən araşdırılması, Polad komutanın dediklərini sizinlə bölüşməyə imkan verdi”.

Bu sözləri Qarabağ qazisi Kamil Musəvi öz Feysbuk hesabında yazıb. O qeyd edir: 

“General Polad Həşimov mənim xidmət etdiyim korpusun qərargah rəisi olmuş və yaralanandan sonra medalımı da şəxsən özü təqdim etmişdir. Aprel döyüşləri bitəndə Polad Həşimovun yerini Şəmkir korpusuna dəyişdirmişdilər. Günlərin birində komutanla Qazaxda görüşdük. Aprel döyüşləri haqqında mənə qaranlıq qalan bir çox suallar verdim. Polad Həşimov bütün suallarımı cavablandırandan sonra, ağlımda olan son sualı da verdim: - Komutan, bu qədər qəhrəmanlıqdan sonra sizi niyə yüksək vəzifəyə yox, bura eyni vəzifəyə göndərdilər? Polad Həşimov gülərək dedi:- Yüksək vəzifə nədir, hələ məni şərləyib başqa tədbirlər görmək istəyirdilər. Bəzi yüksək rütbəlilər döyüşdə etdiyim uğurlu əməliyyatları, guya etməmişəm kimi üzərimə yıxmağa çalışırdılar. Mən də onları yaxşı tanıdığım üçün, döyüş meydanında bir çox əməliyyatların video çəkilişini etmişdim. 

O çəkilişləri göstərəndən sonra, heçnə edə bilməyəcəklərini başa düşüb, məni yanlarından uzaqlaşdırıb, bura göndərdilər. Mən də ərizəmi yazmışam, ehtiyata çıxacam. Komutanın ərizə yazdığını eşidəndə heyfislənərək bildirdim?- Sizi kimi komandirlər getsə, bəs biz kimlərə baxıb örnək alacağıq?. O da mənə, "Neyniyim Kamil, bunlarla xidmət etmək heç cür mümkün olmadı" dedi. 

Polad Həşimov kimi insana qarşı belə adımmların atıldığının şahidi olandan sonra, “Tərtər hadisəsi”nin də bir qurma olduğunu anladım. Başa düşdüm ki, bu hadisəni təşkil edənlərin məqsədi, döyüşdən qalib çıxan ordunu cəmiyyətə xain kimi təqdim edərək gözdən salmaq və şəxsi heyyətin döyüş ruhunu sındırmaq idi. Düşünürəm ki, əgər bu olaylar dəqiqlik və dürüstlüklə araşdırılsa,  hadisənin altında rus agenturasının və onlara xidmət edən xainlərin barmağının olduğunun şahidi olacağıq..”.