Prezidentliyə namizəd olan sabiq deputatdan AÇIQLAMA

"Növbədənkənar prezident seçkisi əlamətdar tarixi dövrə təsadüf edir. Çünki Azərbaycanın ərazi bütövlüyü və suverenliyimiz tam şəkildə bərpa olunub".
Bu barədə "Sherg.az"a açıqlamasında növbədənkənar prezident seçkisinə namizədliyini irəli sürmüş sabiq millət vəkili Qulamhüseyn Əlibəyli deyib. 
Q.Əlibəyli bildirib ki, o, uzun müddət siyasətlə məşğuldur, həmçinin millət vəkili kimi də fəaliyyət göstərib: 
"Ötən dövrdə prezidentliyə namizəd olmuşam və düşünürəm ki, təcrübəm, həyat yolum bir daha özümü sınamağa imkan verir. Ona görə də fərdi müstəqil şəkildə namizədliyimizi irəli sürdüm. Son hadisələr fonunda ölkə Prezidenti favorit namizəddir. Amma bu o demək deyil ki, heç kim namizədliyini irəli sürməməlidir. Hər bir vətəndaşın konstitusion hüququdur ki, istənilən seçkidə iştirak etsin. Mən də bu hüququmdan yararlanmaq istəyirəm. Çalışacam ki, seçki kampaniyasını yüksək səviyyədə təşkil edim. Seçki platformasının hazırlanması, təbliğat-təşviqat məsələləri üzərində çalışırıq. Müəyyən fikirlərim var və təbliğat dövründə onları cəmiyyətə çatdıracam".