Prokurorların işini də kompüter proqramları görəcək

Rəqəmsallaşma ən yüksək səviyyələrdə bir sıra peşələri yox edəcək

Osman Gündüz: "Bu istiqamətdə ölkəmizdə ciddi tədqiqatlar aparılmalıdır, xarici təcrübə öyrənilməlidir"

“Çoxları elə düşünür ki, yaxın gələcəkdə yox olacaq peşələr daha çox xidmət, nəqliyyat, məişət xidməti və s. sahələrlə əlaqəli olacaq. Yəni elə təəssürat yaranır ki, yalnız bu sektorlarda işləri robotlar və kompüter tətbiqləri, süni intellekt həlləri və s. icra edəcək”. Bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz deyib. Ekspert bildirib ki, dünyada baş verən tendensiyaları izlədikdə görürük ki, məsələ daha ciddidir: “Süni intellekt və rəqəmsallaşma, böyük dataların analizi və emalı əsasında formalaşan rəqəmsal həllər ən yüksək səviyyələrdə bir sıra peşələri yox etməkdədir. Məsələn, bəzi ölkələrdə artıq cinayət işlərinə baxılması prosesində süni intellekt həllərindən istifadə olunmağa başlanıb. Yəni prokurorun işini artıq hansısa bir kompüter proqramı icra edir. Robot-prokuror cinayətkar haqqında toplanan data əsasında, minlərlə parametrləri bir anda analiz etməklə qərar qəbul edir.

 Ümumiyyətlə, müşahidələr göstərir ki, bir çox ölkələrdə son zamanlar dövlət sektorunda korrupsiyanın qarşısının alınması və effektivliyin artırılması üçün də süni intellektdən istifadə getdikcə güclənir. 

Xatırlayıram, Ukraynada nə vaxtsa cinayət törətmiş şəxslərin yenidən cinayət törətmə ehtimalını müəyyən etmək üçün “Kassandra” adlanan süni intellekt həlli yaradıblar. Bu isə o deməkdir ki, ədliyyə sistemindəki peşələrə də süni intellekt və rəqəmsallaşma ciddi təsir göstərəcək”.

O.Gündüz qeyd edib ki, zamanla aradan qalxacaq və yeni tələbat yaranacaq peşələrlə bağlı çağırış olduqca aktualdır:

 “Bu istiqamətdə ölkəmizdə ciddi tədqiqatlar aparılmalıdır, xarici təcrübə öyrənilməlidir. Bu tendensiyanı ciddi olaraq izləmək lazımdır. Əgər zamanında bu sahədə beynəlxalq tələbləri nəzərə almadan işlər görməsək, kadrlar hazırlamasaq, peşəkar formada ixtisasartırma və s. təşkil olunmasa, bizi gələcəkdə daha ciddi problemlər gözləyəcək. 

Bir yandan işsizliyin artması, digər tərəfdən yeni çağırışlara uyğun kadrların tapılmaması qarşıdakı illərdə həllini gözləyən əsas problemlərdən olacaq. 

Əsas diqqət isə bütün sahələrin rəqəmsal transformasiyasından keçir. Yəni gələcəkdə seçiləcək istənilən peşə üçün İT əsas rol oynayacaq, istənilən peşə sahəsi, mütləq olaraq İT və kompüter sahəsi ilə bağlı olacaq.

  Odur ki, ölkəmizdə bu sahənin inkişafına, bütün sektorlarda rəqəmsal transformasiyaya, universitetlərin rəqəmsallaşmasına və müasir tələblərə uyğun kadrlar hazırlamasına diqqəti artırmaq lazımdır. Dövlət bu sahəyə daha çox resurslar ayırmalıdır”.