Putin Ərdoğanla yola davam etmək istəyir



Kılıçdaroğlunun prezident seçiləcəyi halda da Türkiyə-Rusiya tərəfdaşlığında qopma baş verməyəcək

  Rusiya Prezidenti Vladimir Putin aprelin 27-də Türkiyəyə səfər edib türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla “Akkuyu” atom elektrik stansiyasının birinci mərhələsinin açılışında iştirak etmək istəyir. Putindən əvvəl isə xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək. 
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasındakı əməkdaşlığının inkişafını, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyəti müzakirə edəcək. Ekspertə görə, bu, böyük ehtimalla Mövlud Çavuşoğlunun nazir vəzifəsində Lavrovla son görüşü olacaq: "Ərdoğan elan edib ki, prezident və parlament seçkisindən sonra yeni kabinet formalaşacaq. İndiki nazirlər isə millət vəkilliyi yarışına qatılacaqlar. Çavuşoğlu doğulduğu Antalyadan namizədliyini irəli sürəcək. 

Ərdoğan prezident seçkisində məğlub olarsa, bu, onun da dövlət başçısı kimi Putinlə son görüşü olacaq. Türkiyədə prezident seçkisi “Akkuyu” atom elektrik stansiyasının açılışından 16 gün sonra gerçəkləşəcək. Putin Ərdoğanla yola davam etmək istəyir, onunla 20 ildən uzun müddətdə enişli-yoxuşlu yol qət edib, tərəfdaşının xarakterinə bələddir. 

Ancaq seçkidə fərqli nəticə olacağı, yəni Kamal Kılıçdaroğlunun prezident seçiləcəyi halda da Türkiyə-Rusiya tərəfdaşlığında qopma baş verməyəcək, sadəcə, Putinin yeni prezidentə və onun siyasətinə alışması vaxt tələb edəcək".