Qadınlar ana olmağa tələsmir: Ermənistan da sürətlə qocalır

Ermənistanda ilk övladını dünyaya gətirən qadınların orta yaş həddinin artması ölkənin demoqrafik vəziyyətinə mənfi təsir göstərir və doğum səviyyəsinin azalmasına səbəb olur.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət İqtisad Universitetinin İdarəetmə fakültəsinin dekanı Manuk Movsisyan "Sputnik Ermənistan"a açıqlamasında ölkənin demoqrafik vəziyyəti ilə bağlı rəsmi statistikanın nikbin olmayan mənzərəsini şərh edərkən bildirib.

Ermənistan Statistika Komitəsinin məlumatına görə, ölkədə ilk dəfə ana olan qadınların orta yaşı 29,2-dir. Şəhərlərdə bu göstərici 30,1, kənd yerlərində isə 28,3 yaş təşkil edir.

Mütəxəssisin sözlərinə görə, qadınların daha gec yaşda ana olması ikinci, üçüncü və ya dördüncü uşağın dünyaya gəlməsi ehtimalını azaldır. O qeyd edib ki, son 30 ildə demək olar ki, bütün dünyada analıq yaşı yüksəlir və bu göstərici hər il orta hesabla altı ay artır.

Movsisyan hesab edir ki, bu tendensiyanın əsas səbəbi insanların düşüncə tərzinin dəyişməsidir:

“Əvvəllər insanlar daha erkən yaşlarda ailə qururdular. Bu gün isə qadınlar təhsil almağa, peşəkar karyera qurmağa və maddi təminatlarını yaxşılaşdırmağa üstünlük verirlər. Nəticədə evlilik və analıq yaşı da yüksəlir”.

Onun proqnozuna görə, yaxın illərdə Ermənistanda ilk analıq yaşı daha 1-2 il arta bilər.

Ekspert vurğulayıb ki, Ermənistan artıq qocalan xalqlar sırasına daxildir. Əgər 1995-1996-cı illərə qədər ölkədə yaşlı əhalinin payı 7 faizdən aşağı idisə, hazırda bu göstərici xeyli yüksəlib. 2026-cı ilin əvvəlinə olan məlumata əsasən, Ermənistanda 64 yaşdan yuxarı insanların payı 10,1 faizə çatıb. BMT-nin proqnozlarına görə, 2050-ci ildə bu göstərici 24 faizə yüksələ bilər.

Mütəxəssis qeyd edib ki, 2025-ci ildə Ermənistanda doğum əmsalı 1,7 olub. Halbuki əhalinin özünü təbii şəkildə yeniləməsi üçün bu göstərici ən azı 2,1 olmalıdır.

Onun sözlərinə görə, son illərdə gənc ailələr üçün mənzil proqramları, üçüncü və dördüncü uşağa görə müavinətlər kimi dövlət təşəbbüsləri həyata keçirilsə də, bunlar yalnız qısamüddətli nəticələr verib.

Movsisyan hesab edir ki, demoqrafik vəziyyəti uzunmüddətli perspektivdə yaxşılaşdırmağın əsas yolu gənc nəslin düşüncə tərzini dəyişməkdir:

“İki və ya daha çox uşağın ölkənin gələcək inkişafı üçün vacib olduğunu cəmiyyət dərk etməlidir”.

Rəsmi statistikaya görə, Ermənistanda 2014-cü ildə 43 031 uşaq doğulduğu halda, 2024-cü ildə bu rəqəm 33 593-ə düşüb. Son on ildə doğum sayında yalnız 2021-ci ildə qısamüddətli artım müşahidə olunub, daha sonra isə yenidən azalma qeydə alınıb.