Qafqazda nüfuz dairəsi uğrunda savaş genişlənir

Avropa İttifaqının yeni missiyası bu dəfə təkcə Ermənistan-Azərbaycan sərhədini deyil, bütün Ermənistan ərazisini müşahidə edəcək

  Avropa İttifaqı 1 aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiya 2 aylıq deyil, 2 illik müddətə gələcək. Məlumata görə, missiya fevralın 20-də başlayacaq. Məsələ Avropa İttifaqı səfirlərinin görüşündə müzakirə ediləcək, yekun qərar isə gələn həftə Avropa İttifaqının XİN başçılarının iclasında veriləcək. 

Qərar ötən həftə Avropa Şurasının Siyasət və təhlükəsizlik komitəsi, həmçinin müşahidə missiyaları ilə məşğul olan əsas orqan - Böhranlı idarəetmə üzrə mülki işlər komitəsi tərəfindən təsdiqlənib. Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq, budəfəki missiya bütün Ermənistan ərazisini əhatə edəcək. Missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı, o cümlədən silahsız olacağı vurğulanır.

  Politoloq Turab Rzayev bildirib ki, budəfəki missiya 2022-ci ilin oktyabrında göndərilən 2 ay müddəti olan və 40 nəfərdən ibarət mülki missiyadan fərqli olacaq. Ekspert diqqətə çatdırıb ki, bu dəfə avropalı müşahidəçilər təkcə Ermənistan-Azərbaycan sərhədini deyil, bütün Ermənistan ərazisini müşahidə edəcəklər:

 "Neçə müşahidəçinin gəlməsi və tam olaraq mandatları hələ bəlli deyil. Ancaq təxminən 200 müşahidəçinin ola biləcəyi qeyri-rəsmi mənbələrdə bildirilir. Azərbaycan-Ermənistan sərhədində hərbi baza yarada bilməyən Fransa, daha sonra rus sülhməramlıların Rusiya ilə birlikdə BMT mandatı altında sülhməramlı kontingent ilə dəyişdirilməsini tələb etmişdi. Həm anqlosakson blokdan (ABŞ, Böyük Britaniya), həm də Rusiyadan dəstək almayan bu həqdən sonra, Fransa Ermənistandakı rus hərbi kontingentinin beynəlxalq koalisiya ilə (yenə BMT mandatı altında) əvəz edilməsi təklifini vermişdi. Bu təklif  İrəvan tərəfindən də dəstəklənir. Gümrüdə rus hərbi bazasının əleyhinə etiraz aksiyaları keçirilən bu ərəfədə, Aİ-nin bu addımını Qafqazda nüfuz dairəsi uğrunda savaşda növbəti gediş kimi də görmək olar".