Qanunsuz verilən pulları məhkəmə geri qaytarmayacaq - Hüquqşünasdan xəbərdarlıq

“Rüşvət verib aldadılan şəxs də hüquqi müdafiədən məhrum qala bilər” 

Bu gün Ali Məhkəmə qanunsuz məqsədlə verilən pullarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Hazırda Azərbaycanda banklardan kredit ala bilməyən, xəstəlik, təcili borc və ya müflisləşmə kimi çarəsiz vəziyyətlərə düşən minlərlə insan sələmçilərin toruna düşür. İnsanların çarəsizliyindən sui-istifadə edən bu şəxslər qanunsuz şəkildə yüksək faizlə borc verərək onları daha ağır maliyyə yükü altında əzirlər.

Ali Məhkəmənin müraciətində qeyd olunub ki, vədlər yerinə yetirilmədiyi halda, mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə qaydasında geri almaq mümkün olmur. Ali Məhkəmə vətəndaşlara hüquqi münasibətlərini yalnız qanuni əsaslarla qurmağı və qanunsuz münasibətlərdən uzaq durmağı tövsiyə edib.

Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı Sherg.az-a bildirib ki, heç kim öz qanunsuz davranışından hüquqi fayda əldə edə bilməz:

"Qanunsuz məqsədlə verilən vəsaitlərə rüşvət, qanunsuz yolla işə düzəltmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə sənədlərin saxtalaşdırılması və ya saxta sənədlər əsasında daşınmaz əmlakın satışı kimi hüquqa zidd hallar daxildir. Əgər iki nəfər qanunsuz nəticə əldə etmək üçün razılaşıbsa və onlardan biri digərini aldadıbsa, məhkəmə qanunsuz sövdələşməni qorumaq üçün vasitəyə çevrilə bilməz”. 

Hüquqşünas məsələni baş vermiş hüquqi faktlar əsasında izah edib:

“Məsələn vətəndaş qeyri-leqal yollarla işə qəbul olunmaq məqsədilə digər şəxsə 10.000 manat vəsait ödəyir. Vəd edilən nəticə əldə olunmadıqda isə pulu verən şəxs maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə ilk növbədə tərəflər arasındakı pul dövriyyəsinin hansı qanuni əsasa söykəndiyini və vəsaitin nə məqsədlə verildiyini araşdırır. Pulun verilmə məqsədi legitim olmadığı üçün yaranan qeyri-qanuni münasibət hüquqi müdafiədən məhrum olur. Çünki ortada qanuni müqavilə öhdəliyi yoxdur”. 

M.Muradlının sözlərinə görə, məhkəmə qanunları qorumaq üçün var, qanunsuzluqları yox: 

“Qanunsuz münasibətdə hər iki tərəf təqsirkar olduqda, məhkəmə onlardan birinin xeyrinə müdaxilə etmir. Bəzən insanlar düşünür ki, pul köçürməsi, qəbz və ya yazışma varsa, itirdikləri vəsaiti geri ala biləcəklər. Lakin əsas məsələ pulun verilmə məqsədidir. Məhkəmə qanunsuzluğu “rəsmiləşdirən” sənədi müdafiə edə bilməz. Tam əsassız pul tələbləri ilə məhkəməyə müraciət edənlərin sayı da az deyil. Bunlar isə məhkəmələrin yerli-yersiz iş yükünün artmasına səbəb olur. Ali Məhkəmənin xalqa ünvanladığı xəbərdarlıq da məhz bunun qarşısını almağa xidmət edir”.