Qərbi azərbaycanlılar dünyaya bir ədalət çağırışı edir 


Blinkenə müraciətin məqsədi tarixi haqsızlığın aradan qaldırılmasıdır


  Qərbi Azərbaycan İcması ABŞ-nin dövlət katibi Entoni Blinkenə məktub yazıb. Məktubda Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasına dəstək verilməsi xahiş edilib. Vurğulanıb ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını qorumaq üçün 1989-cu ildən bəri fəaliyyət göstərir. Azərbaycanlıların kompakt yaşayan yerli əhali kimi mühüm mövcudluğa malik olduqları Ermənistandan qovulması 1991-ci ildə başa çatıb. 

Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi misli görünməmiş etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan bu ölkədəki Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib. Mədəni və dini obyektlərin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirab verməklə yanaşı, beynəlxalq humanitar hüququ və insan hüquqlarını kobud şəkildə pozur. Bundan əlavə, son üç onillikdə Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə icazə verməkdən imtina edib. Hərçənd, bu ziyarətlər sülh və barışıq üçün böyük əhəmiyyət kəsb edir. Məktubda o da bildirilib ki, Azərbaycan mədəni irsinə qarşı bu qeyri-insani rəftar və onlara girişin qadağan edilməsi regionda gərginliyi daha da artırır: "2020-ci ildə Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması iki ölkə arasında davamlı sülhün əldə olunması üçün əlverişli zəmin yaradır. 

Lakin Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, Ermənistanda monoetnik dövlətçilik siyasətinin, etnik təmizləmənin, irqi ayrı-seçkiliyin davam etməsi böyük ədalətsizlikdir. Bu vəziyyət davamlı sülhə nail olmaq üçün aparılan səylərə kömək etmir. Əminik ki, Amerika Birləşmiş Ştatlarının qərəzsiz və hərtərəfli səyləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüquqlarına hörmət edilməsinə yardım edəcək. Bununla da insan hüquqlarının ümumbəşəri dəyəri kimi qorunub saxlanması və davamlı sülhün bərqərar edilməsi təmin ediləcək.

 Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı məsələlərdə ABŞ-nin müvafiq strukturları ilə dialoq və əməkdaşlığa hazırıq". Məlumat üçün bildirək ki, bundan əvvəl İcma BMT-nin baş katibi Antionio Quterreşə məktub göndərib. Məktubda Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsi xahiş edilib. İcma daha əvvəl UNESKO, Avropa İttifaqı Şurasının pezidenti Şarl Mişel və digər nüfuzlu beynəlxalq qurumlara da müraciətlər ünvanlayıb. 

Ümumiyyətlə, veriləcək reaksiyanın, cavabın necə olmasından asılı olmayaraq, beynəlxalq təşkilatlara Qərbi azərbaycanlılarla bağlı davamlı məktubların göndərilməsi önəmli və zəruri hesab olunur. Qeyd olunur ki, bu istiqamətdə nəticə əldə etməyin ən mühüm yolu Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi müstəviyə daşınmasıdır. 
  Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Qərbi azərbaycanlılar Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində son yüz ildə ağır deportasiyalara məruz qalıblar. Öz ata-baba yurdlarından qovulublar. 

Deputat deyib ki, rəsmi deportasiya ilə yanaşı, həm də qeyri-rəsmi etnik, irqi ayrı-seçkiliyə məruz qalıblar: 

"Onların hüquqları tapdalanıb, Vətənləri əllərindən alınıb, tarixi-mədəni mirasları dağıdılıb, qəbiristanlıqları yerlə-yeksan edilib. Onlara qarşı Ermənistan tərəfindən dövlət səviyyəsində cinayətlər həyata keçirilib. Sonrakı tarixi mərhələdə Qərbi azərbaycanlılar dünyaya bir ədalət çağırışı edir ki, yüz ildir ermənilər tərəfindən pozulan hüquqları bərpa edilsin. Bu səbəblə BMT-yə, YUNESKO-ya, Avropa Birliyinə və ABŞ dövlət katibi E.Blinkenə müraciət ünvanlanır. Məqsəd tarixi ədalətsizliyin və haqsızlığın aradan qaldırılmasıdır. XXI əsrdə müasir dünyada çox nadir icmalar var ki, onların bütün hüquqları pozulub. Hazırda Azərbaycan öz dövlətçilik tarixinin yeni mərhələsinə qədəm qoyub. Torpaqlarımızı erməni işğalından azad etmişik. Qarabağ məsələsində tarixi ədalətsizliyi öz gücümüz hesabına aradan qaldırmışıq. Növbəti mərhələdə isə tarixi torpaqlarımızın bir hissəsi olan Qərbi Azərbaycan bölgəsində azərbaycanlıların hüquqlarının bərpa olunması ilə bağlı ədaləti təmin etmək durur. Əlbəttə, bunun üçün beynəlxalq dəstək vacibdir. İcmanın çoxsaylı müraciətlərində əsas məqsəd bundan ibarətdir. Bilirik ki, önümüzdəki mərhələdə, gec-tez, bu və ya digər formada mütləq Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq". 

  H.Babaoğlunun sözlərinə görə, bu prosesdə Qərbi azərbaycanlıların hüquqlarının tanınması, onların ləyaqətli şəkildə öz dədə-baba yurdlarına qayıtması məsələsi də yer almalıdır:

 "Qərbi azərbaycanlıların inandığı, etimad göstərdiyi bir ölkənin sülhməramlı qüvvələri də ilkin mərhələdə təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan ərazisinə yerləşdirilməlidir. Yalnız bundan sonra azərbaycanlıların erməni cəmiyyətinə yenidən reinteqrasiyası mümkün olsun. Yenə deyirəm, bu prosesdə bizə güclü beynəlxalq dəstək lazımdır. Əgər beynəlxalq hüquq, ədalət həqiqətən varsa, bu, reallaşacaq. Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması və Ermənistan konstitusiyasının onlar üçün əlçatan olması iki ölkə arasındakı sülh müqaviləsinin ən yaxşı təminatçısı ola bilər".