Qırğızıstan önəmli bir türk respublikasıdır

Bu ölkə ilə əməkdaşlıq eyni zamanda Türk Dövlətləri Təşkilatının da güclənməsinə yönəlik mühüm addımdır
Aprelin 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarov arasında geniş tərkibli görüş keçilib. Daha sonra liderlərin iştirakı ilə Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlərin imzalanması mərasimi olub. İki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ayrıca 9 önəmli sənəd imzalanıb. 
Qırğızıstan-Azərbaycan əlaqələri barədə “Şərq”ə danışan türkoloq-alim, siyasi şərhçi Faiq Ələkbərli Bişkek-Bakı əməkdaşlığının genişlənməsinin olduqca müsbət və əhəmiyyətli olduğunu deyib. Analitik bildirib ki, iki türk dövlətinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq etməsi eyni zamanda Türk Dövlətləri Təşkilatının da güclənməsinə yönəlik mühüm addımdır: “İkili əlaqələr ümumilikdə türk dünyasının möhkəmlənməsinə töhfə verir. Qırğızıstan Orta Asiyanın önəmli türk respublikalarından biridir və bölgədə strateji mövqeyə malikdir. O baxımdan iki ölkə arasında "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamənin və digər sənədlərin imzalanması təqdirəlayiqdir. Türk dövlətlərinin bir-biri ilə sıx münasibət qurması sadəcə regional deyil, qlobal miqyasda yeni güc mərkəzinin meydana çıxması fonunda da önəmlidir. Türk ölkələrinin yeni mərhələyə qədəm qoyması üçün belə həlledici addımlar atılmalıdır. İki dövlət arasında imzalanmış sazişlərin müsbət nəticələr verəcəyinə inanırıq”. 
İsmayıl