Rus sülhməramlılarının ailələrinin Qarabağa köçürülməsi mümkün deyil
Erməni mediası məqsədyönlü şəkildə Azərbaycan ictimai rəyinə feyk xəbərlər ötürür
Rusiya sülhməramlılarının ailələri Rusiyadan Qarabağa köçürüləcək. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qəzet bildirib ki, Qarabağ separatçılarının başçısı Araik Arutyunyan 1500 sülhməramlının ailəsini Rusiyadan Qarabağa köçürməsi üçün əlindən gələni edir: "Heç kimə sirr deyil ki, Qarabağda təhlükəsizlik üçün bütün ümidlər Rusiya sülhməramlıları ilə bağlıdır. Dəfələrlə bəyan edilib ki, rus əsgəri getsə, Qarabağ əhalisi də onunla birlikdə Qarabağı tərk edəcək. Bu baxımdan sülhməramlıların Qarabağda uzun müddət və hərtərəfli məskunlaşmaları barədə düşünmək lazımdır. Deyirlər ki, sülhməramlıların qalması yalnız Rusiya, Qarabağ və bir az da Ermənistanın istəyindən asılıdır". Erməni nəşrinin yazdığına görə, separatçı Araik Arutyunyan 1500 sülhməramlı ailəsinin Rusiyadan Qarabağa köçürülməsi üçün əlindən gələni edir ki, onlar burada daha möhkəm məskunlaşsınlar: "Bizə bildirdilər ki, bu məsələ ilə bağlı o, Rusiya Federasiyasının ali orqanlarına müraciət edib. Rus hərbçilərinin ailə üzvlərinin köçürülməsinin təşkil olunacağına dair təminat alıb”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, erməni separatçıların lideri Araik Arutyunyanın rus sülhməramlıların öz ailələrini Qarabağa köçürməsi təklifini səsləndirməsinin məqsədi aydındır. Analitik qeyd edib ki, hərbçilərin ailələrinin bölgəyə köçürülməsi yeni evlərin tikilməsini şərtləndirəcək: "Bu isə Rusiya hərbi kontingentinin işğal altındakı ərazilərdə tikinti işlərini artırmasını diktə edəcək. Separatçılara da elə bu lazımdır. Digər yandan hərbçilərin xidmət etdiyi yerlərdə ailələri də qalırsa, bu, onların həmin yerdə xidmətlərinin uzadılması deməkdir. Separatçıların məntiqinə görə, xidmətini bitirən rusiyalı hərbçilərin yerinə gələnlər də ailələri ilə bölgəyə köçməli olacaqlar. Beləliklə, separatçılar bu təxribatçı təklifləri vasitəsilə rusiyalı hərbçilərin bölgədə qalma müddətini uzatmağa çalışırlar". Siyasi şərhçi Elçin Mirzəbəyli vurğulayıb ki, erməni mətbuatının sülhməramlıların ailələrinin Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı yaydığı məlumatların məqsədi təzyiqi ölkəmizin ictimai rəyinə ötürməkdən və daha kəskin emosional fon yaratmaqdan ibarətdir: "Rusiya sülhməramlılarının ailələrinin onların müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərinə köçürülməsi bir çox səbəblərdən mümkün deyil. Əvvəla, nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən yerləşdiriliblər. Sözügedən bəyanatda onların sayı dəqiq müəyyənləşdirilib və bu amil sözügedən sülhməramlı missiya ilə bağlı Rusiya prezidentinin müvafiq fərmanında da yer alıb. Sülhməramlılar Rusiya qanunvericiliyinə və Prezident Putinin fərmanına uyğun olaraq Azərbaycan ərazilərinə müvəqqəti xidmət keçmək üçün ezam olunurlar. Rusiya qanunvericiliyində və bu ölkənin Müdafiə Nazirliyinin müvafiq təlimatlarında hərbçilərin ezam olunduqları və müvəqqəti xidmət keçdikləri yerlərə onların ailələrinin köçürülməsi, həmçinin buna görə onlara əlavə vəsaitin ayrılması nəzərdə tutulmayıb. Bu baxımdan erməni mediasının Azərbaycanın ictimai rəyinə məqsədyönlü şəkildə ötürdüyü feyk xəbərlər üzərində baş sındırmaqdansa, erməni cəmiyyətini davamlı informasiya təzyiqi altında saxlamaq barədə düşünmək, zənnimcə, daha doğru olar".