
Rusiya Azərbaycanla hesabı miqrantlar və diaspor üzərindən aparır -RƏY
Təzyiqlər sistemli xarakter alıb
Əliməmməd Nuriyev: “Rusiyadakı təzyiqlər təsadüfi deyil, siyasi mərkəzdən idarə olunur”
Rusiyada azərbaycanlı iş adamlarına qarşı həbslər dalğası davam edir. Ötən gün Sankt-Peterburqda dörd nəfər azərbaycanlı biznesmen saxlanılıb. Onlar yerli polis rəhbərliyinə rüşvət verməkdə və başqa qanunsuz fəaliyyətlərdə ittiham olunurlar. Rusiya hüquq-mühafizə orqanlarının yaydığı məlumata əsasən, saxlanılan azərbaycanlılar qaçaqmal spirtli içki və tütün məmulatlarının satışı, eləcə də qanunsuz miqrant əməyindən istifadə halları ilə bağlı istintaqa cəlb olunublar. Rusiyanın Voronej şəhərində də azərbaycanlılara qarşı təhqiramiz davranış qeydə alınıb. Hadisə yerində olan şahidlərin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bazarda reyd keçirib və saxlanılan şəxsləri bir-birinin çiynindən tutaraq yeriməyə məcbur ediblər. Ümumiyyətlə, son aylarda Rusiyada müxtəlif regionlarda azərbaycanlı diaspor təşkilatları ilə əlaqəli şəxslərin və iş adamlarının həbsi halları intensivləşib. Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib. Ş.Şıxlinski ötən gün həbs edilmiş oğlu Mütvəli Şıxlinski kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur. Xatırladaq ki, Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski iyulun əvvəli Yekaterinburqda vəhşicəsinə saxlanılmışdılar.
Tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Sherg.az-a deyib ki, son günlər Rusiyanın müxtəlif şəhər və regionlarında azərbaycanlılara, xüsusən diaspor fəallarına, iş adamlarına və miqrantlara qarşı artan təzyiqlər, yoxlamalar və inzibati tədbirlər ciddi narahatlıq doğurur. Hüquqşünas bildirib ki, bu hallar təkcə fərdi pozuntular deyil, həm də sistemli tendensiya təsiri bağışlayır.

" Ona görə də baş verənlər geosiyasi kontekstdə şərh edilməlidir. Rusiya hazırda postsovet məkanına geosiyasi təzyiq göstərir. Qərblə qarşıdurma şəraitində "yumşaq güc" tətbiq edərək, diaspora rıçaqlarını nəzarət altında saxlamağa çalışır. Azərbaycana qarşı birbaşa siyasi təzyiq rıçaqları məhdud olduğuna görə, diaspora, iş adamları və miqrantlar vasitəsiilə təsir mexanizmləri işə salınır. Məqsəd Azərbaycan cəmiyyətində qorxu və qeyri-müəyyənlik yaratmaqdır. Digər məqam isə diaspor üzərində nəzarəti tam ələ almaqdır. Rusiyadakı azərbaycanlı diaspora uzun illərdir fəaliyyət göstərir. Diasporumuzun təbii olaraq Rusiyada Azərbaycanın dövlət maraqlarını açıq şəkildə müdafiə etməsi, Qarabağ məsələsində fəallıq göstərməsi Rusiya daxilində narahatlıq yaradıb. Moskva mümkün qədər bu diasporu nəzarəti altına salmağa çalışır. İnzibati basqılar da bu siyasətin alətlərindəndir".Ə.Nuriyev əlavə edib ki, azərbaycanlı miqrantlara qarşı təzyiqlər siyasi və sosial mesaj xarakteri də daşıyır:
"Azərbaycanlı miqrantlara qarşı sıx yoxlamalar təkcə hüquq pozuntularının nəticəsi deyil, həm də siyasi mesaj daşıyır. Rusiya bu vasitədən istifadə etməklə Azərbaycana qarşı əlindəki kartları göstərir. Müəyyən qərarların qəbuluna təsir göstərməyə çalışır. Belə təzyiqlər Orta Asiya ölkələrinə qarşı da göstərilir. Rusiya son günlərdə həbsləri daha da intensivləşdirib. Görünür, Rusiyada hansısa bir mərkəz işləyir. Həmin mərkəzdə bütün azərbaycanlıların, iş adamlarının, diaspor təşkilatlarının məlumatları var. Özü də bir qədər fərqli metod tapıblar. Ayrı-ayrı rus vətəndaşların guya şikayətləri əsasında azərbaycanlılara təzyiqlər başladılıb. Belə bir fon yaratmağa çalışırlar".
Ekspert "Rusiya bu proseslərdə nə qədər irəli gedə bilər?" sualına belə cavab verib:
"Rusiyanın azərbaycanlılara qarşı bu siyasəti hələlik idarəolunan təzyiq səviyyəsindədir. Amma geosiyasi gərginliklər artarsa, xüsusən Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsi, Azərbaycanın postsovet məkanında balanslı, milli maraqlara söykənən mövqeyi Moskvanı daha da sərtləşdirə bilər. İqtisadi-sosial və hüquqi təzyiqlər hesablanmış şəkildə tətbiq oluna bilər. Azərbaycan öz mövqeyində durur. Təyyarəmizin vurulması, Yekaterinburqda soydaşlarımızın qətlə yetirilməsi, diaspor nümayəndələrinə təzyiqlər Azərbaycanın haqlı olaraq mövqeyini sərtləşdirib. Çünki azərbaycanlılara qarşı atılan addımların heç bir hüquqi əsası yoxdur. Azərbaycan dövləti baş verənləri diqqətlə izləyir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımızı daha da gücləndirməli, diaspor təşkilatlarını hüquqi və informasiya dəstəyi ilə təmin etməyə çalışmalıyıq. Eyni zamanda Rusiya ilə münasibətləri gərginləşdirmədən milli ləyaqət və vətəndaş maraqlarını müdafiə edən diplomatik dildə etirazımızı davam etdirməliyik".