Rusiya sülhməramlılarına qarşı etirazlar başladı

Mülki əhali Xankəndiyə, Xocalıya, Xocavəndə dinc yürüşə hazırlaşır

  Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb. Sülhməramlı kontigentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da, sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı buna imkan verməyib. Heyət Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib. Onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərlə qarşılaşıblar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və Şuşa şəhərinə qayıdıb. 
  Bundan sonra Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçiriblər. Media və QHT nümayəndələri, aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb ediblər. Ərazidə çadırlar qurulub. Etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb ediblər. Azərbaycanlı aktivistlər Qarabağdakı erməniləri də onlara qoşulmağa çağırıblar: "Biz sülhməramlılara öz tələblərimizi irəli sürmək üçün buraya gəlmişik. Ekoloji terrora son deyirik. Öz haqlı tələblərimizi sülhməramlıların rəhbərinin nəzərinə çatdırmaq üçün buradayıq. Bütün Qarabağda olan erməniləri də bizə dəstək verməyə çağırırıq. Çünki onlar da bizim vətəndaşlarımızdır. Baş verən ekoloji terrora onlar da susmamalıdırlar. Qarabağda yaşayan erməniləri burada keçirdiyimiz aksiyaya qoşulmağa dəvət edirik". QHT fəalı Zəminə Zamanova deyib ki, məqsədləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaradılmasına nail olmaqdır. O bildirib ki, sülhməramlılar ermənilərin Azərbaycan ərazisində ekologiyaya zərər verən bütün hərəkətlərinə yol verməməlidirlər. Postda dayanan Rusiya sülhməramlılarına dəstək üçün əraziyə əlavə silahlı qüvvələr gəlib. Həmçinin separatçılar Xankəndidəki meydanda toplaşmağa başlayıblar. Bildirilib ki, onlar azərbaycanlı aksiyaçıların bağladıqları yolu açmaq arzusundadırlar. Qarabağdakı qondarma “rus icması”nın sədri Aleksandr Bordov deyib ki, öz mülki, siyasi, sosial, iqtisadi və mədəni "hüquqlarını" həyata keçirməkdə Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər. Bordov özünün təxribatçı çıxışında ölkəmizi 10 noyabr üçtərəfli bəyanatını pozmaqda ittiham edib: “Təəssüf ki, bizim ciddi problemlərimiz var və bu, ilk növbədə, müharibədən sonrakı reallıqlara aiddir. Üçtərəfli atəşkəs sazişi vaxtaşırı kobud şəkildə pozulur”. Qeyd edək ki, Azərbaycanda Rus İcması rəsmən qeydiyyatdadır və aktiv də fəaliyyət göstərir. Bu icmanın rəhbəri Mixail Zabelin həm də millət vəkilidir.
  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, sülhməramlılar Azərbaycanın sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün tədbir görməyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının qarşısının alınması, eləcə də ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə sülhməramlı kontingentin komandanlığına dəfələrlə müraciət edib: “Bir çox hallarda, Azərbaycan tərəfinin bu müraciətlərinə cavab verilməyib və sülhməramlı kontingent tərəfindən Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib”. A.Hacızadə qeyd edib ki, əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib: "Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub. Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb". 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Şuşa ərazisində sülhməramlıların müvəqqəti nəzarət etdiyi yolda keçirilən etiraz aksiyası Rusiyanın başqa çıxış yolu qoymamasının nəticəsidir. Analitikə görə, Azərbaycan öz suveren ərazisində ekoloji monitorinq keçirmək məqsədilə sülhməramlılarla danışıqlar aparırdı və bir-birinin əksi olan iki hadisə baş verdi: 

"Nümayəndələrimiz monitorinqə başlamaq üçün bölgəyə getdi. Sonra Vardanyan başının dəstəsi ilə prosesə mane oldu. Bu təsdiq edir ki, Azərbaycanın tələbi qarşısında “yox” deyə bilməyən ruslar “mülki təxribat”la qarşısını aldılar. Şuşa yolunda keçirilən aksiya bu kontekstdə “mülki təxribata” qarşı mülki etiraz formasıdır və siyasi baxımdan da ən doğru seçim hesab edilə bilər. Artıq sülhməramlıların (Rusiyanın) qarşısında təkcə diplomatlar və hərbçilər yox, həm də praktiki olaraq xalq var. Və bu aksiya ümumilikdə Qarabağ iqtisadi rayonuna qayıdışın cığırını da açır. Mülki əhali Xankəndiyə, Xocalıya, Xocavəndə yürüş edərsə, heç bir qüvvə qarşısını ala bilməyəcək. Rusiya rəhbərinin zənginin Şuşa yolundakı aksiyanın dayandırılması məqsədi daşıdığı bəllidir. Lakin Bakı geri çəkilməyib, hadisələrin inkişafı bu versiyanı gücləndirir. Sülhməramlılar modul tipli yataqxanalar quraşdırır. Xankəndidəki ermənilər azərbaycanlıların çadır qurduğu əraziyə gətirilir. Mümkündür ki, dövlət başçısı haqlı tələblərin yerinə yetirilməsinin alternativi olmadığını deyib. Bu kontekstdə rusların nələr edə biləcəyi maraqlıdır. Prosesi bir neçə gün uzatmaqla aksiyanın dağıla biləcəyi imkanını dəyərləndirəcəklər. Rus hərbçilərin özlərinə “yataq” düzəltməsi də qarşıdakı günlərdə tələblərin qəbul olunacağı gözləntisini azaldır. “Mülki erməniləri” azərbaycanlıların üzərinə göndərəcəklər və bununla aksiyaya adekvat addım atacaqlar. Yolun bağlı qalması və Qarabağdakı “mülki əhalinin” əziyyət çəkməsi iddiasını İrəvan üzərindən beynəlxalq ictimaiyyətin gündəliyinə daşımağa, Bakıya əlavə təzyiqlərin edilməsinə nail olmağa çalışacaqlar. Hərçənd, bu gedişlərin Bakının mövqeyinə təsir edəcəyi ehtimalı böyük deyil".