Rusiya və ermənilərin təxribatları  yaxından izlənilir  Cəzalarını alacaqlar


"Rusiya sülhməramlıları bölgədə sülhü qorumaq məqsədi güdmürlər". 
Bu barədə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib. Ekspert bildirib ki, Rusiya hərbi kontingenti Qarabağda təktərəfli qaydada ermənilərin maraqlarını müdafiə edirlər:
 "Rusiya bununla gərginliyin davam etməsinə, sülh müqaviləsinin bağlanmamasına çalışır. Ancaq Rusiya sülhməramlıları unutmasın ki, 2025-ci ilin noyabr ayında onların vaxtı bitir. Əminəm ki, 2025-ci ilin mart-aprel aylarında Azərbaycan tərəfi rus sülhməramlılarının bölgədən çıxarılması tələbini irəli sürəcək. Bunun fərqində olan Moskva indidən Qarabağda yaşayan erməniləri silahlandırmaqla məşğuldur. Çalışırlar ki, rəsmi Bakı rus hərbçilərin Qarabağdan çıxmasını tələb etdikdə, bölgədə yeni təxribat və qarışıqlıq üçün zəmin hazır olsun. Ona görə də erməni separatçılarını qızışdırır, onları təhrik edirlər ki, Azərbaycan Ordusunun mövqelərinə hücum çəksinlər". 
 Ekspertin sözlərinə görə, "Rusiya və ermənilərin təxribatları havadan müşahidə vasitələri ilə yaxından izlənilir: "Azərbaycan Ordusu bir neçə dəfə antiterror əməliyyatları keçirib və strateji ərazilər nəzarətə götürülüb. Kiçik təxribatlar erməni tərəfinə fayda verməyəcək. Əksinə, onların ziyanına işləyəcək. Qeyri-qanuni bütün addımların cəzasını çəkəcəklər".