Rusiyanın adı yoxdur


Çin Almaniyaya yeni marşrut xətti açıb

Bu layihə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində rolunu əhəmiyyətli dərəcədə artıracaq


   Çin hökuməti Sian şəhərindən Avropaya yükdaşımalar üçün Rusiyadankənar ərazilərlə yeni dəmiryol marşrutunu işə salıb. Yeni marşruta görə Çindən yüklər qatar, Xəzər və Qara dənizi vasitəsi ilə Almaniyaya çatdırılacaq. Yüklər Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçəcək. Sian şəhər gömrük idarəsinin saytında yerləşdirilən məlumata görə, 316 ton ümumi çəkidə olan 42 konteynerdən ibarət ilk qatar  aprelin 13-dən Siandan yola salınıb. Marşrutun uzunluğu 11,3 min kilometr təşkil edəcək. Çinin “Sinxua” agentliyinə danışan “Xi'an Free Trade Port Construction and Operation Co” şirkətinin rəhbəri Yuan Syaotsziyanın dediyinə görə, indiyədək Çinlə Avropa arasında az istifadə olunan bu yolla daşımaların artırılması həm Çin, həm də digər ölkələrin şirkətləri üçün yeni bazarlar açır. Sian gömrük idarəsi isə bəyan edib ki, bu, şəhərlə Avropa arasında yük qatarlarının hərəkət etdiyi 16-cı marşrutdur. Bildirək ki, hazırda Çinin Avropaya 16 əsas yük qatarı marşrutu var və onlar “Kəmər və Yol” layihəsinin 45 ölkə və regionundan keçib. Ekspertlərə görə, Çinin bu layihəsi Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində rolunu  əhəmiyyətli dərəcədə artıracaq. 

Yeni marşrutun əhəmiyyətini “Şərq”ə analiz edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bir məqama diqqət çəkib. Analitik vurğulayıb ki, həmin marşrut xəttində Rusiyanın adı yoxdur. Ekspert bunun səbəbini belə şərh edib: 

“Qara dəniz zonasında müharibə gedir. Marşrut xətti siyahısına bir sıra ölkələrin salınmaması Rusiya-Ukrayna müharibəsi və bu savaşın təhdidləri ilə bağlıdır. Avropa ölkələri Çin-Qərb münasibətlərində Rusiyasız addım atmağın tərəfindədirlər. Bununla bağlı konkret tələb qoyulub. O baxımdan 11 min kilometrlik marşrut üzərində təhlükəli zonalar, ölkələr yoxdur. Ancaq məsələ ondadır ki, qatar Azərbaycandan Rumıniyaya getmək üçün Türkiyə ərazisindən keçməlidir. Çindən Avropaya gedən marşrut xətti üzərində Ermənistan da yoxdur. Bu da vacib məqamdır. Dünyada artıq dəmiryolu “müharibələri” gedir. İndiki mərhələdə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində rolu mütləq şəkildə artacaq. Ölkəmizin Rusiya, Ermənistan və Gürcüstanla həmsərhəd olması Azərbaycana bu sahədə unikal üstünlüklər gətirə bilər”.