Sabiq dövlət müşaviri:“İdeoloji işlərdə çatışmazlıqlar var”

Ötən il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. 
Mövzu ilə bağlı “Sherg.az”a danşan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, bu çox könül bulandıran məsələdir:

“İnsan öz vətəninə sədaqətli olmalıdır, vətənini sevməlidir. Əgər xarici qüvvələrə öz əqidəsini satırsa, pul naminə onlara qulluq etmək istəyirsə, bu biabırçı bir şeydir. Bu həmin şəxsin özünə, eyni zamanda, yaxınlarına ömürlük ləkədir”.
Politoloq bu vəziyyət qarşısında etməli olduqlarımızı açıqlayıb. O, hesab edir ki, ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin təbliğinə ciddi fikir verməliyik:

“Bu işdə kütləvi informasiya vasitələri, xüsusilə də elektron kütləvi informasiya vasitələri önəmli rol oynayır. Biz televiziyaların maarifləndirici, düşündürücü, dünyagörüşü formalaşdıran resurslarına daha çox diqqət yetirməliyik. Nəzərimcə, ümumiyyətlə şou xarekterli, xüsusilə maqazin xarakterli verilişlər ümumiyyətlə, televiziyalardan yığışdırılmalıdır. Televiziya ölkəyə, millətə, xalqa qulluq etməli, hər bir insanda vətənə sədaqət, vətənpərvərlik duyğuları təbliğ etməlidir.
Bu məsələdə ailənin də rolu böyükdür. Ailə, orta məktəb, ali məktəb - bunlar bütöv bir zəncirin ayrı - ayrı halqalarıdır. Bunlarda da vətənpərvərlik tərbiyəsinə ciddi diqqət yetirilməlidir”.

Q.Hüseynli  hesab edir ki, ideoloji işlərdə çatışmazlıqlar var:

“Azərbaycanın öz  milli ideologiyası mövcuddur. İnsanlara bu aşılanmalıdır. Bəziləri ideoloji iş dedikdə elə başa düşür ki, bu Sovet dövründən qalma bir şeydir. Amma xeyr,  biz hələ cavan dövlətik. Uzun müddət deyil ki, müstəqilliyimizi əldə etmişik. Ona görə də ideoloji işə, milli ideologiyanın təşkili və təbliğinə, insanların milli şüurunun formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. O cümlədən, baş verən hadisə cəmiyyət içində ciddi müzakirə edilməli və pislənməlidir. İnsanlara bu işin nə dərəcədə alçaq və yaramaz hərəkət olduğu çatdırılmalıdır.   
Abbas Sahhətin belə bir kəlamı var:
“Vətəni sevməyən insan olmaz, 
Olsa da ol şəxsdə vicdan olmaz”. Vətəni sevmək imandandır deyiblər. Ona görə də bu məsələdə vətənpərvərlik tərbiyəsi gücləndirilməlidir”.
Çimnaz Şahlar