Savaşımız hələ davam etməkdədir

Xocavənddəki kütləvi məzarlıqlar erməni vəhşiliyindən xəbər verir
"Azərbaycan həqiqətlərini, tarixi faktları hüquqi əsaslarla həm Ermənistanın üzünə çırpmalıyıq, həm də onları müdafiə edənlərə təqdim etməliyik"
  "Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan 12 meyitin hamısı Azərbaycan hərbçilərinə məxsusdur". Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib. O bildirib ki, aşkarlanan meyitlər üzərində işgəncə faktları da var: “Qazıntı işləri aparılıb, 12 şəxsin meyiti aşkarlanıb, bu 12 şəxs ilk baxışdan da aydın olduğu kimi Azərbaycan hərbi qulluqçularının meyitləridir. Onlar hamısı paltarla dəfn olunub. Onlardan aşağıda meyit var, ya yoxdu, hələlik məlum deyil. Amma hələlik üzdə olan 12 meyitdir. Həmin meyitlərin kütləvi və qeyri-insani dəfn edilməsindən məlum olur ki, onlara işgəncə və əzab verilib. Meyitlərin hamısının əlləri yuxarıdadır, səbəbini bilmirik. 
Onların hər birinin sümüyündə küt alətlərlə vurulmuş zədə və xəsarətlər, küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Meyitlərin sümükləri Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin məhkəmə-kriminaslistika şöbəsində bir-bir müayinə ediləcək, qətldə odlu silahdan istifadə edilib-edilməməsi müəyyən olunacaq. Baş Prokurorluq tərəfindən qərarda qoyulan sualların hamısına mümkün dərəcədə cavablar veriləcək. Qətlə yetirilənlərin cinsi, yaşı, boyu, torpaqda qalma və öldüyü müddətlər təyin ediləcək. Hətta onların sağ vaxtı keçirmiş olduğu xəstəliklər sümük toxumalarından aşkar olunacaq”. 
Ə.Həsənov bildirib ki, aşkar edilən meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onlar cavan və orta yaşlı hərbi qulluqçular olublar: 
“Meyitlərin ayaqlarının hər birinin iplə bağlanması aşkar edilib. Ermənilər iddia edirlər ki, guya, bu meyitlər onlar tərəfindən qətlə yetirilməyib, guya, həmin meyitlər sonradan əraziyə qoyulub. Bu meyitlərin qətlə yetirilərək basdırılması torpaqla sümük qarışığı faktlarından məlum olur. Qalıqlar ya bu gün, ya da sabah götürülərək qablaşdırılacaq, şəxsi paltarları da bir kisəyə yığılıb həmin qutuya qoyulacaq və aparılacaq. Daha sonra onların hər birinin məhkəmə tibb ekspertizası aparılacaq. Sonda isə sümük nümunələri götürüləcək. Sümük nümunələrində problem olmayacaq, çünki həmin meyitlərin hamısının dişləri yerindədir. O dişlər və digər sümüklərdən nümunələr götürülərək məhkəmə genetik ekspertizası aparılaraq şəxsiyyətləri aydınlaşdırılacaq. Məhkəmə tibb ekspertizası 15, genetik ekspertiza isə 15 gün çəkəcək. Bundan əvvəl aşkarlanan meyitlərin isə ekspertizası hələ başa çatmayıb, iş gedir. Meyitlərin ekspertizası başa çatdırıldıqca nəticə Hərbi Prokurorluğa təqdim edilir”.
  Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Şərq"ə bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə üzə çıxan kütləvi məzarlıqlar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətlərinin kiçik bir hissəsidir. Ekspert vurğulayıb ki, illərdir 4 minə yaxın vətəndaşımızın itkin düşməsi və onlar barəsində heç bir məlumatın verilməməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırışlar edilir: 
"Bununla bağlı Avropa insan haqları insitutlarında dəfələrlə məsələ qaldırmışıq. Tələb etmişik ki, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın itkin vətəndaşımızın sonrakı taleyi haqqında informasiya versin. Lakin İrəvan bundan boyun qaçırıb, yaxud da itkinlərin sayı ilə bağlı tərəfimizdən təqdim olunmuş faktları təkzib edib. Bu gün də Ermənistan rəhbərliyi eyni riyakar siyasətini davam etdirir. Amma reallıq heç vaxt gizli qalmır və zaman-zaman üzə çıxır. Xocavənddə və Fərruxda kütləvi məzarlıqların aşkarlanması erməni vəhşiliklərindən xəbər verir. Əlbəttə, ortaya çıxanlar dəhşətli mənzərənin çox az bir hissəsidir. Məsələ ondadır ki, Avropa təşkilatlarında itkinlərlə bağlı ətraflı məlumat yoxdur. Yaxşı olar ki, bu istiqamətdə səylərimizi daha artıraq. Ermənilər saxta, uydurma videolarla beynəlxalq təşkilatlarda min oyundan çıxırlar, hay-küy qaldıraraq Azərbaycanı ittiham edirlər. Lakin biz əlimizdə bu qədər dəlil-sübut olmasına rəğmən yetərli təbliğat qura bilmirik". 
Ə.Şahidov bəyan edib ki, mümkün qədər fəal olmalı, hər platformada erməniləri ifşa edəcək materialları təqdim etməliyik:
 "Xüsusən, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın kütləvi şəkildə qətl edilməsi, dəhşətli işgəncələrə məruz qalması barədə məlumatları tirajlamalıyıq. İnformasiya müharibəsində, psixoloji savaşda aktivlik nümayiş etdirməliyik. Möhtəşəm qələbə əldə etsək də, torpaqlarımızı düşməndən təmizləsək də, qətiyyən rahatlamaq, arxayınlaşmaq olmaz. Savaşımız hələ davam etməkdədir. Ermənistan bütün platformalarda bizimlə mübarizə aparır. Avropanın bəzi təşkilatlarının, Qərb ölkələrinin qərəzli mövqeyi bizi ruhdan salmamalıdır. Azərbaycan həqiqətlərini, tarixi faktları hüquqi əsaslarla həm Ermənistanın üzünə çırpmalıyıq, həm də onları müdafiə edənlərə təqdim etməliyik".