Hərbi jurnalist şəhidlərin xatirəsi ilə bağlı problemə diqqət çəkdi
"Bu kimi məsələlər qanunla daha dəqiq şəkildə tənzimlənməlidir. Ümid edirik ki, qanunverici orqanlar gələcəkdə bu məsələlərə xüsusi diqqət yetirəcəklər"
Şəhidlər xalqın ən dəyərli mənəvi sərvətlərindəndir. Onların xatirəsinin yaşadılması, qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılması hər birimizin borcudur. Lakin bu müqəddəs adlara göstərilən ehtiramın hansı formada ifadə olunması da xüsusi həssaslıq tələb edir.
Son günlər şəhid şəkillərinin müxtəlif ictimai məkanlarda, kommersiya obyektlərinin- klubların qarşısında yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. İctimaiyyət bu görüntüləri bir mənalı qarşılamayıb. Lakin məsələyə həm hüquqi, həm də mənəvi aspektdən yanaşmaq daha vacibdir.
Hərbi jurnalist, Qarabağ qazisi və yazıçı Rey Kərəmoğlu Sherg.az-la mövzu ilə bağlı fikirlərini bölüşüb:
"Bu xoşagələn hal deyil. Hər hansı bir klubun, restoranın və ya digər obyektin qarşısında şəhid şəkillərinin yerləşdirilməsi doğru yanaşma hesab olunmamalıdır.
Ümumiyyətlə, şəhidlərimizlə, onların xatirəsinin əbədiləşdirilməsi ilə, eləcə də hərbi forma və digər atributlarla bağlı müəyyən qanunvericilik normaları mövcuddur. Lakin burada yalnız qanun deyil, ictimai məsuliyyət də vacibdir. Şəhid ailələri və cəmiyyət bu məsələlərdə daha həssas davranmalıdır.
Şəhidlər bizim müqəddəslərimizdir. Dünən bir ailənin övladı olan şəhid, bu gün bütün millətin oğludur. Məhz buna görə də onların xatirəsinə münasibətdə diqqətli olmaq lazımdır".
Hərbi jurnalist vurğulayıb ki, küçələrin müxtəlif yerlərində, obyektlərin qarşısında və ya uyğun olmayan məkanlarda şəhid şəkillərinin yerləşdirilməsi ürəkaçan mənzərə yaratmır:
"Bu kimi məsələlər qanunla daha dəqiq şəkildə tənzimlənməlidir. Ümid edirik ki, qanunverici orqanlar gələcəkdə bu məsələlərə xüsusi diqqət yetirəcəklər.
Eyni zamanda, şəhid məzarlarının qorunması, qəbiristanlıqlarda onların xatirəsinin layiqincə yaşadılması, məzarları üzərində dövlət bayraqlarının ucaldılması kimi məsələlərə daha çox önəm verilməlidir. Bu gün küçələrdə tez-tez şəhid şəkillərinin asıldığını görürük. Lakin şəhidlərimizin xatirəsinin uca tutulması daha sistemli və hörmətli şəkildə həyata keçirilməlidir".
Qarabağ qazisi digər dövlət atributlarının küçələrdə yerləşdirilmələrindən də danışıb:
"Bu gün müxtəlif ərazilərdə, xüsusilə də işğaldan azad olunmuş bölgələrdə şəhid şəkillərinin və dövlət bayraqlarının küçələrdə, yol kənarlarında yerləşdirildiyini görürük. Lakin zaman keçdikcə bu şəkillər və bayraqlar aşınır, cırılır, yararsız vəziyyətə düşür. Həmin ərazilərdə bəzən yerli idarəetmə strukturlarının və ya məsul qurumların operativ müdaxiləsi mümkün olmur, nəticədə isə istər-istəməz şəhidlərimizin xatirəsinə və dövlət rəmzlərimizə qarşı hörmətsizlik görüntüsü yaranır".
Müsahibimiz qeyd edib ki, həmin şəkil və ya bayrağı yerləşdirən şəxslər də sonradan onların vəziyyətinə nəzarət edə bilmirlər:
"Bir dəfə vurulan atributlar uzun müddət baxımsız qalır və bu da müxtəlif problemlərə səbəb olur. Buna görə də bu məsələlər sistemli şəkildə tənzimlənməli, məsuliyyət mexanizmləri müəyyən edilməli və yaranan problemlər aradan qaldırılmalıdır. Ümid edirik ki, gələcəkdə bu sahədə daha effektiv həll yolları tapılacaqdır".