Sertifikatsız dərmanlar... – “Kütləvi halda gömrükdən keçirirlər”

Bakı şəhəri üzrə 22, digər rayonlar üzrə 8 olmaqla 30 aptekdə monitorinqlər keçirilib. 01.01.2022-14.02.2022-ci il tarixləri ərzində keçirilən yoxlamalar nəticəsində 58 dərman müsadirə olunub. Ələ keçirilən qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 90.4 qutu təşkil edib. 
Sertifikatsız dərmanların əczaxanalara gətirilməsi ilə bağlı "Sherg.az"a danışan tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı bildirib ki, son dövrlərdə sertifikatsız dərmanlar çox az müşahidə olunur: 
“Bu cür dərmanları müəyyən şirkətlər kütləvi halda gömrükdən keçirirlər. Qanunsuzluğa yol verən dərman fabrikinin, şirkətin, bunu ölkəmizə keçirənlərin, apteklərə paylayanların hər birinin üzərinə məsuliyyət düşür. Onlar ciddi şəkildə cəzalandırılmalıdır. Dərmanların harada, necə hazırlandığının müəyyən edilməsi əhəmiyyətlidir.  Ən əsası tərkibi bilinməyən dərmanların kənarlaşdırılması üçün yoxlamalar keçirilməlidir”.
Ş.Namazlı qeydiyyatsız dərmanları ortaya çıxarmağın yolunu da göstərib:
“İnternetdə axtarış verəndə heç bir məlumat çıxmırsa, deməli həmin dərman saxtadır. Savadlı, təcrübəli həkimlər belə dərmanları məsləhət görmür. Həkimlər də dərmanların xarakteristikasını bilməli, mənfi və müsbət təsirlərindən xəbərdar olmalıdır”.
Xanlar ƏLİBƏY