"Şimal-Cənub" Dəhlizinin işə düşməsi xüsusi önəm daşıyır"

Ceyhun Məmmədov: "Bu, regional əməkdaşlığa öz ciddi töhfəsini mütləq verəcək"

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

  Dünən Bakıda "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə dair Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə birgə tədbir keçirilib. Tədbirdə Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, İran və Rusiya arasında birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Bəyannaməyə əsasən, tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər. 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alıblar. Tərəflər arasında Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayıblar.  Bundan əlavə, tərəflər bir ay ərzində "Rəşt-Astara" Dəmir Yolu Layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını da bildiriblər. Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 2000-ci ildə Sankt-Peterburqda imzalanmış Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Hökumətlərarası Sazişlə yaradılıb. 

  Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycanla Ermənistan arasında münaqişənin həllində Rusiyanın, Prezident Vladimir Putinin şəxsi töhfəsi yüksək dəyərləndirilir. O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatları regionda sülhün, sabitliyin və təhlükəsizliyin, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə əsaslanan qarşılıqlı hörmət və birmənalı dəstəkdən çıxış edərək 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallıqların möhkəmləndirilməsi, sülh və sabitliyin inkişafına yönəlmiş səylərin birləşdirilməsinə töhfə verəcək". 
Baş nazirin müavini qeyd edib ki, yeni reallıqlara xidmət edəcək “3+3” əməkdaşlıq formatı perspektivdə regionun təhlükəsizliyinə töhfə verəcək: "Bu xüsusda 10 dekabr 2021-ci il Moskvada keçirilmiş Azərbaycan, Rusiya, Ermənistan, İran, Türkiyə xarici işlər nazirləri müavinlərinin iclası xüsusi əhəmiyyət kəsb edir". Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlıdır və artıq sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib. 
  Ş.Mustafayev bəyan edib ki, bölgədə vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur: "Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır. Bu, ilk növbədə Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi çərçivəsində əldə edilə bilər". O qeyd edib ki, Azərbaycan əhəmiyyətli nəqliyyat və logistika mərkəzinə çevrilir: "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əhəmiyyətli nəqliyyat və logistika mərkəzinə çevrilir. Bu ilin 8 ayında dəhlizlər üzrə tranzit yükdaşımaları 47 faiz artıb".     "Şimal-Cənub" dəhlizinin əhəmiyyətini qeyd edən Şahin Mustafayev, onun inkişafı üçün böyük imkanların mövcud olduğunu qeyd edib.
  Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib ki, Azərbaycan, Rusiya və İran vahid dəmiryol şəbəkəsi inşa etmək niyyətindədir: "Şimal-Cənub beynəlxalq dəhlizinin inkişafı üzrə işçi qrup ölkə rəhbərlərimiz tərəfindən yaradılıb və onun inkişafı üçtərəfli əməkdaşlıq üçün vacibdir. Azərbaycan və Rusiya prezidentlərinin danışıqları zamanı tərəflər Rəşt-Astara, eləcə də Şimal-Cənub dəhlizinin inkişafı məsələlərinin müzakirəsinə hazırlığını ifadə edib”. 
  O bildirib ki, Rusiya üçtərəfli formatdan məhsuldar əməkdaşlığa hazırdır: "Biz vahid dəmiryol şəbəkəsinin tikintisini planlaşdırırıq. Bunun tikintisi qərb dəhlizi ilə yük axınını 15 faiz artırmağa imkan verəcək. Həmçinin, logistika xidməti və tarif mexanizminin yaradılmasını vacib hesab edirik. Bu gün Rusiya, Azərbaycan və İran yüklərin sadələşdirilmiş daşınması barədə razılıq əldə edib. Dəhlizin səmərəli işinin təmin olunması məqsədilə Rusiya yeni inkişaf mexanizmi hazırlayıb. Biz dövlət başçılarımızın tapşırıqlarına əsasən hərəkət etməliyik və üç ay ərazində investisiya və maliyyə mənbələrinin müəyyənləşdirilməsini planlaşdırırıq”.
  İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasemi bildirib ki, "Şimal-Cənub" beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daimi katiblik sisteminin yaradılması məsələsi diqqətdə saxlanılmalıdır. Onun sözlərinə görə, bununla yanaşı, "Şimal-Cənub" dəhlizi çərçivəsində İran ərazisində "Rəşt-Astara" dəmir yolunun yaradılması məsələsi də vacibdir. Nazir onu da əlavə edib ki, sərhədlər vasitəsilə gediş-gəlişin və vizaların verilməsinin asanlaşdırılması vacib məsələlərdəndir: "Biz vizanın alınması məsələsini asanlaşdırmalıyıq, burada bəzi xərclər azaldılacaq, o cümlədən qeyri-qanuni və qeyri-prosessual maneələr aradan qalxacaq”. 
  Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə bildirib ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin işə düşməsi xüsusi önəm daşıyır. Deputatın sözlərinə görə, bu, regional əməkdaşlığa öz ciddi töhfəsini mütləq verəcək: "Əvvəlki dönəmlərdə üçlü və altılı formatlarda əməkdaşlıq müzakirə olunurdu. Bu istiqamətlərdə davamlı müəyyən addımlar atılırdı. O baxımdan hesab edirəm ki, belə müzakirələrin aparılması çox önəmlidir. Nəzərə almalıyıq ki, Rusiya və İran bizim böyük qonşularımızdır. Zaman-zaman aramızda fikir ayrılığı olsa da, bu dövlətlərlə münasibətlərimizi qoruyub saxlamalı və inkişaf etdirməliyik. Regionda təhlükəsizliyi təmin etmək üçün belə əməkdaşlıqda hər ölkə maraqlı olmalıdır. Azərbaycan cəmiyyətində müxtəlif müşahidələrin şahidiyik. Amma hesab edirəm ki, bu dəhlizin açılması bizim müstəqilliyimizi, dövlətçiliyimizi, qələbəmizi daha da möhkəmləndirəcək".