Son şanslarını itirdilər! - Şanlı Ordumuz düşməni peşman edəcək
Təxribatlardan sonra Paşinyanın bütün ölkələrə yalvarışları cavabsız qalıb
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Paralel olaraq Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqelərimiz müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib.
Azərbaycan Ordusunun operativ cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribatının və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb. Rəsmi məlumatda o da qeyd olunub ki, Ermənistan tərəfindən, guya, Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunların hamısı Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır. Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistanın sərhəd boyunca hərbiləşməni artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi düşmənin genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərirdi. İrəvanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi Ermənistanın sülhdə maraqlı olmadığını və prosesə zərbə vurmaq məqsədlərini nümayiş etdirirdi. Baş nazir Nikol Paşinyanın gecə boyunca müxtəlif ölkələrin liderlərinə zəng edərək onlardan yardım istəməsi Ermənistanın nə qədər aciz və rəzil durumda olduğunu bir daha təsdiqlədi.
Ermənistan Baş naziri Nikol Paşinyan ilk növbədə Rusiya Prezidenti V.Putinlə danışıb və ənənəvi olaraq sərhəddəki vəziyyətlə bağlı Putinə şikayətlənib. Daha sonra Fransa rəhbəri Emmanuel Makrona zəng edib. Paşinyan sərhəddə baş verən döyüş toqquşmaları ilə bağlı Makrona da şikayətlənib və “dərin narahatlığını” çatdırıb. Prezident Makron isə gərginliyi daha da artırmağı qəbuledilməz hesab edib və vəziyyəti sakitləşdirməyin vacibliyini vurğulayıb. Hadisələrdən sonra Təhlükəsizlik Şurasının iclasını çağıran Paşinyan vəziyyətin kifayət qədər gərgin olduğunu, heç bir ölkənin onlara yardım etmədiyini vurğulayaraq, səhərə qədər davam etmiş hərbi toqquşmada 49 hərbçisinin öldüyünü açıqlayıb. Lakin baş nazir itki sayının yekun olmadığını əlavə edib. "Caliber”in məlumatına görə, erməni tərəfinin itkiləri 150-200 nəfər arasındadır.
Hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistanın davam edən təxribatları Azərbaycan Ordusunu ona adekvat və daha təsirli cavab verməyə məcbur etdi. Ekspert bildirib ki, Ordumuz düşmənin təxribat törədən bölmələrinin yerləşdiyi mövqelərinə və atəş mövqelərinə cavab zərbələri endirib: "Endirilən zərbələr nəticəsində düşmən ciddi itkilərə məruz qalıb. Düşmənin bir neçə döyüş texnikası, o cümlədən radiolokasiya stansiyası, S-300 kompleksləri məhv edilib və onlarla canlı qüvvə itkisi mövcuddur. Ordumuzun bir neçə yeni mövqe əldə etdiyi də şübhəsizdir. Eyni zamanda düşmənin Qafanda yerləşən bir hərbi hissəsi də darmadağın edilib”.
Millət vəkili Razi Nurullayev də bildirib ki, Ermənistan xoş rəftardan anlamır və biz onları sülhə məcbur etməliyik. Deputatın sözlərinə görə, Ermənistanın təxribatları dayanmır və üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir:
"Bu günə qədər Ermənistan silahlı birləşmələri Qarabağda qalmaqda davam edir. Ermənistan Qarabağda yaşayan ermənilərlə ayrıca çəkilmiş keyfiyyətli yol vasitəsilə gediş-gəliş edir. Naxçıvana quru və dəmiryolu dəhlizi açacağı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən isə imtina edir. Azərbaycanın israrlı sülh təkliflərinə qarşı etinasız davranır. Hər gün məntiqsiz və mümkün olmayan yeni şərtlər irəli sürür. Ona görə də Ermənistanın təxribatlarına layiqincə cavab verməliyik və ordumuz bunu edir. Artıq Ermənistana ərazi iddiası irəli sürmək zamanıdır. Zəngəzur və Göyçə keçən əsrin əvvəllərində Azərbaycandan alınaraq Ermənistana verilib. Yüz minlərlə vətəndaşımız evindən, yurdundan didərgin düşüb. İndi ora qayıtmaq zamanıdır. Zəngəzur və Göyçə Azərbaycandır və biz ora dönməliyik. Naxçıvana Ermənistandan dəhliz istəməli deyilik, tarixi torpağımızı geri qaytarıb Azərbaycanı Naxçıvanla quru sərhədi vasitəsilə birləşdirməliyik. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini nəyin bahasına olursa-olsun qoruyacaq".
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bəyan edib ki, ötən ayın sonlarından başlayan və son günlər daha da intensivləşən erməni təxribatlarının daha da azğınlaşacağı gözlənilən idi. Lakin Azərbaycan Ordusu güclüdür və düşməni necə cəzalandırmağın yollarını yaxşı bilir:
"Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə Ordumuz tərəfindən bütün zəruri tədbirlər görülüb. Biz Ordumuza güvənirik və qəhrəman əsgərlərimizin, zabitlərimizin yanındayıq. Şanlı Ordumuz düşməni peşman edəcək və bu təxribat Ermənistana baha başa gələcək. Effektiv cavab tədbirlərimiz nəinki Ermənistanın hərbi-siyasi rəhbərliyini, ümumiyyətlə, bütövlükdə erməni toplumunu qorxutmalı və ayıltmalıdır. Gündən-günə revanşizm ovqatına köklənən erməni cəmiyyətini ağıllandırmağın və reallıq hissinə qaytarmağın başqa yolu yoxdur. Biz antiterror əməliyyatı keçirməyə məcburuq. Getdikcə daha da aqqresivləşən, yenidən militarist əhval-ruhiyyəyə təslim olan Ermənistan dövlətini və erməni cəmiyyətini sülhə məcbur etməyin yolu məhz güc tətbiqindən keçir. Bəli, Ermənistan sülhə məcbur edilməlidir. Bəzi ölkələr kimi biz də denasifikasiya və demilitarizasiya tədbirləri həyata keçirməliyik. Bizim də buna ixtiyarımız çatır. Çünki 10 noyabr razılaşmasının ziddinə olaraq hələ də ərazilərimizdə qalmaqda davam edən Ermənistanın hərbi birləşmələrini və separatçı-terrorçu dəstələri tərksilah etməyin, neytrallaşdırmağın başqa yolu yoxdur. Təcrübə göstərir ki, revanşizmi yalnız güc tətbiqi ilə ram etmək mümkündür".