Sultan Rayev: Türk dünyasının mədəni irsi bütün insanlığın ortaq dəyəridir

Türk dünyasının ortaq mədəni irsi yalnız türk xalqlarına deyil, bütün insanlığa məxsus dəyərləri özündə birləşdirir.

AZƏRTAC xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Rayev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) Dostlar Qrupunun Yüksək Səviyyəli Toplantısındakı çıxışında bildirib.

Sultan Rayev qeyd edib ki, TÜRKSOY 30 ildən artıqdır türk xalqlarının ortaq mədəni irsinin qorunması, yaşadılması və dünyada tanıdılması istiqamətində fəaliyyət göstərir.

O bildirib ki, Türk Dünyası 2040 Vizyonu ortaq tarix və mədəniyyət əsasında daha güclü əməkdaşlığı, həmrəyliyi və qlobal sülhə töhfəni nəzərdə tutan uzunmüddətli perspektiv ortaya qoyur. TÜRKSOY isə bu vizyonun mədəni istiqamətində mühüm məsuliyyət daşıyır.

Sultan Rayev VI Dünya Köçəri Oyunlarının da mədəniyyətin birləşdirici gücünü nümayiş etdirdiyini qeyd edib. Onun sözlərinə görə, təxminən 120 ölkənin qatıldığı Oyunlar yalnız ənənəvi idman növlərinin nümayiş etdirildiyi tədbir deyil, müxtəlif xalqları sülh, dostluq və qarşılıqlı anlaşma ətrafında birləşdirən qlobal platformadır.

Baş katib, həmçinin mədəni diplomatiyanın böhranların qarşısının alınmasında mühüm rol oynaya biləcəyini vurğulayıb: “Biz çox vaxt diplomatiyaya böhran başlayandan sonra ehtiyac duyuruq. Halbuki mədəniyyət böhran başlamazdan əvvəl işə düşməlidir. Vasitəçilikdən əvvəl anlaşmaya, danışıqlardan əvvəl etimada, dövlətlər arasında sülhdən əvvəl insanlar arasında hörmətə ehtiyac var”.

S.Rayev TÜRKSOY ilə BMT Sivilizasiyalar Alyansı arasında gənclər mübadiləsi, mədəni dialoq, ədəbiyyat və incəsənət, ortaq mədəni irsin qorunması və mədəniyyət vasitəsilə preventiv diplomatiya sahələrində yeni layihələrin həyata keçirilməsinin mümkün olduğunu bildirib.