“Sürücülərin üzr istədilməsini xoş qarşılamıram”

Fevralın 17-də Heydər Əliyev prospektində yük maşınları yolu bağlayıb. 4 yük avtomobilinin sürücüləri yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər. Onlar Dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb edib. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur. Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranıb. TIR sürücülərinin yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb. Onlar tıxaca səbəb olduqlarına görə üzr istəyiblər.

Yolu bağladıqlarına görə saxlanılan sürücülərlə bağlı məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "sherg.az"a bildirib ki, sürücülər üzr istəyiblərsə, deməli, səhvlərini başa düşüblər:

“Aramızda nadürüst insanlar var. Həmin yolda olanlar elə nadürüst insanlar olublar. Biz Vətən müharibəsini qazandıq, lakin mənəvi dəyərləri qazana bilməmişik. Həm əhalinin, həm də məmurların mənəvi dəyərləri yüksəldilməlidir.  İnsanların bir-birilərinə hörmətlə yanaşması vacibdir. 

Orada yalnız həmin adamalara yox, dövlətə də zərər verildi. Əgər pozuntu halları aşkar edilirsə, o zaman qanuna uyğun olaraq cəza tətbiq edilməlidir. Mənəvi dəyərlərimizə hörmətlə yanaşdıqdan sonra biz rahatlıqla millət olduğumuzu deyə bilərik. Sürücülərin üzr istədilməsini xoş qarşılamıram”.

Xanlar ƏLİBƏY