Şuşa Bəyannaməsi ən universal sənəddir
İki qardaş ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşib
Sənəd göstərir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə fəal rol oynayacaq
Milli Məclisdə təsdiqlənən Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən də ratifikasiya edildi. Zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunan qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olundu. İctimaiyyət nümayəndələrinin fikrincə, Şuşa Bəyannaməsi diplomatik praktikada olan nadir sənədlərdən biridir. İki ölkə arasında müstəqillik dövründə 400-dən çox sənəd imzalanıb. Bəyannamə Türkiyə-Azərbaycan arasında qəbul olunmuş digər sənədlərin toplusudur. Sənədin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyə arasında olan müttəfiqlik ən yüksək səviyyəyə qalxdı. Sənədin hər iki ölkənin parlamentində təsdiq olunması isə beynəlxalq ictimaiyyətə mesajdır.
Şuşa Bəyannaməsi göstərir ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə fəal rol oynayacaq. Əlbəttə, hər bir dövlət başqa ölkəylə əməkdaşlıq edə bilər. Hətta Azərbaycan və Türkiyə gələcəkdə Ermənistanla münasibətləri də normallaşdıracaq. Lakin Türkiyə-Azərbaycan münasibətləri yüksək qardaşlıq dəyərlərinə sahibdir. Sənəd həm də iqtisadi platformada işbirliyinin inkişafında yeni perspektivlər açacaq. Sənəddə Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.
Şuşa Bəyannaməsinin əhəmiyyətini “Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib ki, iki qardaş ölkə hər zaman böyük səmimiyyət və qayğı ilə biri-birinə dəstək olub, biri-birini qoruyub. Deputat bildirib ki, müstəqilliyimizin ilk illərindən Türkiyə ilə bütün istiqamətlərdə səmərəli əməkdaşlıq sistemi qurulub:
"Azərbaycanla Türkiyə arasında çoxvektorlu təmaslar intensivləşib. Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı xarakteri hər iki dövlətə öz mövqelərini daha da möhkəmləndirməyə və milli maraqlarını etibarlı müdafiə etməyə imkan verməkdədir. Mahiyyət etibarilə Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik xarakterinə malik idi. 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşib. Şuşa Bəyannaməsinin başlıca səciyyəvi cəhəti ondan ibarətdir ki, bu, Azərbaycan dövlətinin müstəqillik tarixində müttəfiqlik münasibətləri haqqında ilk sənəddir. Digər tərəfdən, sənədin işğaldan azad etdiyimiz Şuşa şəhərində imzalanması, “Şuşa Bəyannaməsi” adlanması onun mühüm tarixi-siyasi və mənəvi səciyyəsini ifadə edən başlıca məqamlardır. Həmçinin Şuşa Bəyannaməsi ölkəmizin imzaladığı ən universal sənəddir. Belə ki, sənəddə həyat fəaliyyətinin bütün sahələri üzrə Azərbaycan-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsi nəzərdə tutulur”.
Parlament üzvü vurğulayıb ki, Bəyannamədə 1921-ci ildə imzalanmış Qars müqaviləsinə istinad edilməsi iki ölkə arasında münasibətlərin beynəlxalq hüquqi əsaslarını bir daha xatırladır: “Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin, əlaqələrinin tarixiliyini özündə ehtiva edir. Bununla yanaşı, təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region üçün strateji əhəmiyyətə malik aspektləri də dəqiqliklə ifadə edir. Sənəddə regional təhlükəsizlik sisteminin olduqca səmərəli elementlərinin yaranmasını şərtləndirəcək yeni əməkdaşlıq müstəvisinin anonsu verilir. Regional əməkdaşlığın tam yeni formatı həm daha səmərəli, qarşılıqlı maraqlara cavab verən səmərəli əlaqələr sisteminin qurulmasını, həm də hərbi və siyasi təhlükəsizliyin etibarlı və preventiv təmin olunmasını şərtləndirəcək”.