
"Terrorsuz Türkiyə" hədəfi gerçəyə çevrilir -ŞƏRH
15 iyulda hədəf türk ordusunu millətlə qarşı-qarşıya qoymaq idi
Telman Nüsrətoğlu: "Azərbaycan-Türkiyə güc birliyi regionda separatizmə və terrora qarşı qalib gəlir"
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Ölkə başçısı doqquz il əvvəl 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda həyatını itirmiş şəxslərə görə, cənab Ərdoğana və Türkiyə xalqına başsağlığı verib. Prezident vurğulayıb ki, həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq səlnaməsini yazıb: "Mətin və mübariz xalqınız Türkiyə Cümhuriyyətinin konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul – “Demokratiya və Milli Birlik Günü” güclü və sarsılmaz iradənin, milli birliyin, həmrəyliyin və vətənpərvərliyin zəfərini qeyd edən əlamətdar tarixdir. Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə “Bir millət iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi. Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi". Dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə lideri hazırda "terrorsuz Türkiyə" hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışır: "Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu".
Azərbaycan lideri bəyan edib ki, Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir: "Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcək".
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a açıqlamasında deyib ki, Türkiyəmizin milli güc yüksəlişinin önündə duran əsas iki problem - PKK və FETÖ olub. Alimin sözlərinə görə, bu qruplaşmalar imperialist dairələr tərəfindən Türkiyənin inkişafının, yüksəlişinin, daha böyük hədəflərə doğru yürüməsinin önündə əngəl olublar:

"Bunlar müəyyən güc mərkəzlərinin ortaya atmış olduğu proksi qruplaşmalar idi. 15 iyul xain çevriliş cəhdində də Türkiyə dövləti, ordusu, cəmiyyəti hədəf alınmışdı. Türkiyədə daxili savaş çıxartmaq, ölkəni içəridən yox etmək məqsədilə milli gücün əsas parametrlərini təşkil edən türk ordusunu nüfuzdan salmaq, zəiflətmək, millətlə qarşı-qarşıya qoymaq kimi xain, hiyləgər plan hazırlanmışdı. Amma ölkənin lideri, ordunun şanlı mənsubları və xalqın vəhdəti bu təhlükəli planı zərərsizləşdirdi. Bundan əvvəl Türkiyə Prezidenti R.T.Ərdoğanın milli duruşunu, liderliyini də hədəf alan əməliyyatlar olmuşdu. 17-25 dekabr "MİT böhranı", o cümlədən teraktların məqsədi Türkiyənin milli, müstəqil xarici siyasət aparmasının qarşısını almaq idi. Bu məsələdə FETÖ və PKK-dan istifadə olundu. Ancaq Türkiyə dövləti və xalqı bu təhlükələri ortadan qaldırdı".
T.Nüsrətoğlu bəyan edib ki, Azərbaycan ən çətin zamanlarda, dar günlərində qardaş Türkiyənin yanında oldu:
"Cənab Prezident İlham Əliyev bütün proses boyunca Türkiyə dövlətinə, xalqına, ordusuna dəstəyini əsirgəmədi. Təsadüfi deyil ki, Türkiyənin hazırda PKK terror təşkilatını ortadan qaldırmasında, FETÖ-yə qarşı mübarizədə Azərbaycan birmənalı Türkiyəyə dəstək verməyə davam edir. Təbii ki, dünyada mislinə çox az rastlanan Türkiyə-Azərbaycan müttəfiqliyi, qardaşlığı var. Bunların hamısı iki qardaş ölkənin liderlərinin siyasi zəkası, uzaqgörənliyi ilə gündən-günə dərinləşir. Hər iki ölkənin maneələri güc birliyi sayəsində, əməkdaşlıq ilə ortadan qaldırılır. 44 günlük Vətən savaşından və 23 saatlıq antiterror əməliyyatından sonra Qarabağda separatçılığın, terrorçuluğun kökü kəsildi. İndi də PKK adlı terror təşkilatının sıradan çıxarılması prosesi gedir. FETÖ-nün də təsir imkanları, gücü aparılan mübarizə nəticəsində böyük ölçüdə azaldılıb. "Terrorsuz Türkiyə" hədəfi Türkiyənin milli yüksəlişi, daha böyük qlobal güc olması baxımından çox önəmli hədəfdir. Bu istiqamətdə Türkiyə artıq çox ciddi uğurlar əldə edib. Azərbaycan qardaş Türkiyənin uğurlarına ancaq sevinir".