"Təxribatın  Vaşinqtonda keçirilən görüş vaxtına təsadüf etməsi məqsədlidir"  - Şərh 

 "Paşinyan  siyasi iradə göstərməsə, görmədiyi günləri görəcək"
İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.
Siyasi şərhçi Kənan Novruzov Sherg.az-a açıqlamasında deyib ki, bu təxribatın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Vaşinqtonda keçirilən görüş vaxtına təsadüf etməsi heç də təsadüf deyil:
"Bu cür sabotaj cəhdləri Ermənistanın "işlənmiş kartıdır". Çoxlarına məlumdur ki, rəsmi İrəvan belə addımlarla sülh quruculuğu prosesinə mane olmaq istəyir. Hərçənd bu, ən çox Ermənistanın özünə ziyandır. Çünki sərhədlər hələ müəyyənləşməyib. Və Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatlarına cavab olaraq istənilən addımı atmağa, o cümlədən sərhədləri özü müəyyənləşdirməyə qadirdir".
Analitik onu da qeyd edir ki, Rusiyanın Ermənistanın bu təxribatlarına göz yumduğu aşkardır. Əks halda regiondakı sülhməramlılar prosesə çoxdan müdaxilə edərdi:
"Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan ağıllı siyasətçidir. Onun ehtimal edilən sülh prosesində maraqlı olduğu görünür. Çünki başqa yolunun olmadığını anlayır. Sadəcə olaraq Ermənistan hərbi-siyasi hakimiyyəti Fransa, Rusiya kimi üçüncü qüvvələrin təsiri altına düşür, onların maşası olmağa davam edir. Bu isə rəsmi İrəvan üçün yaxşı nəsə vəd etmir. Odur ki,  N. Paşinyan indi siyasi iradə göstərməlidir. Əks halda görmədiyi günləri görəcək".
Turan