Təxribatların sonu yaxşı bitməyəcək

Separatçıların Rusiyanın adından istifadə etməsinə imkan vermək olmaz

Simonyan, Qabreilyanov, Kesoyan və digər bu kimi ünsürlər anlamalıdır ki, Azərbaycan heç vaxt öz ərazisində yeni pozuculuq cəhdlərinə yol verməyəcək

   Ermənistanın Rusiyadakı Marqarita Simonyan kimi uzantıları hazırda rus sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərinin Rusiyaya “birləşdirilməsi” təbliğatını aparırlar. Rusiya dövlət informasiya agentliyinin rəhbəri olan M.Simonyan Qarabağda Rusiya bayrağından yaradılmış “Z” simvolikasını dəstəkləyir, separatçıların “nə vaxtsa biz də Rusiyanın tərkibində olacağıq” şərhinə “ümid edirəm” cavabını yazır. Ermənilər də sosial şəbəkələrdə Rusiya bayrağının üzərində qondarma “DQR”-in simvolikasını təbliğ edirlər. 

Bu, Rusiya ərazisində, eləcə də Rusiyanın adı altında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidin yaradılması deməkdir. Qeyd edək ki, Qarabağ üzərində təhlükəli proseslərin başladığı müşahidə olunur. Xüsusilə Rusiya-Ukraya müharibəsindən sonra separatçı rejimin qalıqları “xilas olmaq” üçün Moskvanın qapısını döyür. Baş separatçı Araik Arutyunyan “DNR” və “LNR”-i nümunə gətirir, bunu Rusiyanın keçmiş qondarma “dqr”-i tanıması üçün presedent olduğunu deyir. Hətta Rusiyanın adından danışmaq cəsarəti də tapır və bildirir ki, Qarabağdakı Rusiya sülhməramlıları ermənilərin müdafiəçisidir. Moskva bütün bu iddiaların qarşısında səssizliyini qoruyur və belə fikrin yaranmasına şərait yaradır ki, separatçıların çıxışlarının “sifarişçisidir”. Moskvadan heç bir reaksiyanın verilməməsi ilə yanaşı, Rusiyada təxribat çıxışlar da müşahidə edilir. Bu, Rusiya-Azərbaycan münasibətlərinə, iki ölkə arasında müttəfiqlik müqaviləsinə tamamilə ziddir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Rusiya-Azərbaycan müttəfiqlik müqaviləsində açıq şəkildə qeyd olunur ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmət edir, öz ərazilərində bir-birinin suverenliyinə təhdid yarada biləcək fəaliyyətlərin qarşısını alır və separatizmə qarşı birgə mübarizə aparırlar. 

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə deyib ki, Qarabağdakı ermənilər, şovinistlər və revanşistlər, o cümlədən Simonyan, Qabreilyanov, Kesoyan və digər bu kimi ünsürlər anlamalıdır ki, Azərbaycan heç vaxt öz ərazisində yeni pozuculuq cəhdlərinə yol verməyəcək: 

“Buna cəhd edənlər isə kimliyindən asılı olmayaraq layiqli cavablarını alacaqlar və cəzalandırılacaqlar. Ermənilər başa düşməlidirlər ki, belə təxribatların sonu yaxşı bitməyəcək və yaxın tarixdən Azərbaycanın nə dərəcədə sərt cavab verə bilmək bacarığını xatırlamalıdırlar. Simonyan kimilərə imkan verməməli, o cümlədən, separatçıların Rusiyanın adından istifadəsinə şərait yaratmamalıdır. Azərbaycanın müstəqilliyini təhdid edən, separatizmə dəstək verən, qondarma rejimin ruporu rolunda çıxış edən bütün media quruluşlarının fəaliyyəti tam nəzarətə götürülməlidir. Xarici media quruluşlarının Azərbaycan əleyhinə təbliğat aparması yolverilməzdir. Xüsusilə, Qarabağ hadisələri fonunda bu məsələ xüsusi həssaslıq tələb edir. 

Ümid edirəm ki, Azərbaycanın əlaqədar dövlət qurumları məsələnin ciddiliyinin fərqində olaraq, lazımi addımlar atacaqlar. Hansı ölkəni təbliğ etməsindən asılı olmayaraq, heç bir KİV-in Azərbaycan əleyhinə təbliğat aparmasına göz yummaq olmaz”.