"Töhmət ləğv olunmalıdır"

Fazil Mustafa: "Təhsil naziri şəxsən o müəllimdən üzr istəməlidir"

Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz

165 nömrəli orta məktəbdə şagirdlərin tədris prosesinə uyğun olmayan davranışı ictimaiyyətdə ciddi rezonans doğurub. Əksəriyət şagirdlərin dərsi pozan saymazyana hərəkətlərini sərt şəkildə qınayıblar. Məsələ ictimailəşəndən sonra videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb. Nəticədə dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. Üstəlik, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün təqdimat verilib. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıblar. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

 Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Millət vəkili Fazil Mustafa məlum olaydan sonra müəllimə töhmət verilməsini tənqid edib. Deputat sosial şəbəkə hesabında məsələyə sərt reaksiya verib: “Bu nə cəsarətsizlik, bu nə qorxaqlıq? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə? Sosial şəbəkədə yüz cür şey paylaşıla bilər.

 Şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Bilmirsiz ki, ayağını qaldırıb partanın üzərinə qoyan, video çəkdirən şagirdi müəllim niyə görməyib? Müəllim normal dərs keçmək əvəzinə səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edir. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, uşağın üstünə çığırmısan. Hələ sertifikasiyaya hazırlaşmağı demirəm”.

Parlament üzvü 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbinin ləğv edilməsini təklif edib:

 “Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən həmin müəllimi tanımıram. Məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram.

 Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməli və töhmət dərhal ləğv olunmalıdır. Müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinəyəm. Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. 

Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər. Bu, konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Həmin video-görüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır”.