Tokayev Putinə "müharibəni dayandır" mesajını birbaşa verdi -ŞƏRH

Elxan Şahinoğlu: “Lukaşenko və Si Cinpin də qoşularsa, Putin daha böyük təzyiqlə üzləşəcək”

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Rusiya-Ukrayna münaqişəsini dondurmağa çağırması onun Ukraynanın mövqeyini dəstəkləməsi anlamına gəlir. Kiyev də eyni sözü deyir, atəşkəsə hazır olduğunu vurğulayır. Doğrudur, Tokayev Putini tam qəzəbləndirməmək üçün tərəfləri İstanbuldakı danışıqlara qayıtmağa çağırış etdi. Bu isə sanki Rusiyanın maraqlarına uyğundur".

Bunu Sherg.az-a politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, önəmli olan Tokayevin cümləsinin birinci hissəsidir:

" Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də ölkəsinin maraqlarını nəzərə almış olur. Çünki, Rusiya-Ukrayna müharibəsi Qazaxıstan neftinin Qara dənizlə daşınmasına ciddi təhlükə yaradıb, Novorosisyk limanı və limana yaxınlaşan neft tankerləri dronların hədəfindədir. Tokayev Putinlə görüşdə fikrini belə yekunlaşdırdı ki, “mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm”. Bütün hallarda Tokayev “müharibəni dayandır” mesajını birbaşa Putinin üzünə söylədi. Tokayevin bu açıqlamasına Rusiyanın digər iki tərəfdaşı – Belarus Prezidenti Aleksandr Lukaşenko və Çin lideri Si Cinpin də qoşulsalar, Putin daha ciddi təzyiq altına düşəcək".