Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılır


Məqsəd dövlətlərarası ticari əlaqələri və dövriyyəni daha da inkişaf etdirməkdir


  Parlamentdə müzakirə olunan məsələlərdən biri də türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılmasıdır. Bu barədə qanun layihəsi Milli Məclisin dünənki iclasında müzakirəyə çıxarılıb və müzakirələrdən sonra bir oxunuşda qəbul edilib. Bundan başqa, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları həyata keçiriləcək. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. 6 türk dövlətindən 5-i təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənddə olmaqla doqquz Zirvə görüşü keçirilib. Ekspertlərin fikrincə, gömrük dəhlizi və kombinə edilmiş yük daşımaları türk respublikaları arasındakı əməkdaşlığı daha da dərinləşdirəcək. 
  Millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında deyib ki, son illər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında münasibətlərin yaxşılaşması bütövlükdə ticarət dövriyyəsində artımlara səbəb olub. Deputatın sözlərinə görə, sadələşdirilmiş gömrük rejiminin yaradılmasında məqsəd dövlətlərarası ticari əlaqələri və dövriyyəni daha da inkişaf etdirməkdir: "Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 2020-ci ildə 70 faiz artaraq 7 milyard 200 milyon dollara qədər yüksəlib. Bu da ondan xəbər verir ki, Azərbaycanla türk dövlətləri arasında ticari əlaqələrin genişlənməsi müşahidə olunur. Yeni gömrük rejiminin yaradılması isə türk dövlətləri arasında ticarətin daha da böyüməsinə təkan verəcək. Nəzərə alaq ki, prosedurun asanlaşdırılması infrastrukturunu inkişaf etdirməklə dövriyyənin genişləndirilməsinə imkan verəcək. Eyni zamanda Azərbaycanla Orta Asiyada yerləşən türk dövlətləri arasında vergidən azad olma güzəştləri də var. Həmçinin Türkiyə-Azərbaycan arasında 15 əsas mal qrupu üzrə vergidən azad olunma tətbiq olunacaq. Ümumilikdə yeni qanun layihəsində nəzərdə tutulmuş güzəştlər türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək".