Yediyi çörəyə xəyanət edən daha bir insan gördük
Erməni əsilli keçmiş deputat Türkiyə vətəndaşlığından çıxarılmalı və ən ağır cəzaya məhkum edilməlidir
Türkiyənin erməni əsilli keçmiş deputatı Qaro Paylan Ermənistanda verdiyi açıqlamada Azərbaycanın Qarabağa tam nəzarət etməsini qəbul etmədiklərini bildirib. O, Ermənistanın Bakıya sülh əli verməsinin sadəcə vaxt udmaq taktikası olduğunu və revanşın 3-5 il çəkəcəyini açıq şəkildə bildirib.
Paylanın qatıldığı proqramda dediyi “Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var və buna qarşı çıxmaq üçün Ermənistana 3-5 il lazımdır” ifadəsi ölkəmizdə və qardaş Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən siyasi ekspertlər bu cür bəyanatın qəbuledilməz olduğunu, Paylanın isə cəzalandırılmasının mütləq olduğunu qeyd ediblər.
“Sherg.az” xəbər verir ki, bu məsələyə ən sərt reaksiya Azərbaycan Assosiasiyalarından gəlib.
Qaro Paylanın mövqeyini kəskin qınadığını deyən İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu qeyd edib ki, bölgənin sülh və sabitliyə ehtiyacı olduğu bir vaxtda belə bir açıqlama türklərə qarşı düşmənçilikdən başqa bir şey deyil. O, Paylanın Türkiyə vətəndaşlığından çıxarılmasını və ən ağır cəzaya məhkum edilməsini təklif edib.
O, nifrət və radikalizmi stimullaşdıran bəyanatın verilməsinin təəssüfləndirici hal olduğunu qeyd edib:
““Su yatar, düşmən yatmaz” kimi müharibə qızışdırmaları imperialist ideyalara xidmətdən başqa bir şey deyil. Qaro Paylanın nəzərinə çatdırmaq istəyirəm ki, 1988-ci ildə doğma yurd-yuvasından didərgin düşmüş azərbaycanlılar tezliklə öz torpaqlarına qayıdacaq, Qafqazda sülh və əmin-amanlıq davam edəcək”.
Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk də “Sherg.az"a açıqlamasında Qaro Paylanı sərt sözlərlə tənqid edib. Onun sözlərinə görə, Qaro Paylan Türkiyədə doğulub boya-başa çatsa da, özünü daşnak kimi aparır və aqressiv təfəkkürə malik olduğunu göstərir:
“Yediyi çörəyə xəyanət edən daha bir insan gördük. “Türk millətinin çörəyi Qaro Paylanın burnundan gəlməlidir”.
Qarabağın Azərbaycan torpağı olduğunu deyən E.Eltürk qeyd edib ki, Ermənistan təcavüzkar siyasəti ilə uzun illər beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozub, Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti yeridib:
“Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquqda təsbit olunub.
Lakin Azərbaycan öz halal haqqını 30 ildən sonra geri aldı. Ermənilərin işğal siyasəti 2020-ci ilin sonunda başa çatdı. Ötən 4 il ərzində də həyata keçirilən Böyük Qayıdış Proqramına uyğun olaraq məcburi köçkünlərimiz mərhələli şəkildə doğma evlərinə qayıdır.
Bundan sonra şəhidlərimizin qanı ilə alınan torpaqları ermənilər ancaq yuxularında görə bilirlər. Ordumuzun həyata keçirdiyi antiterror əməliyyatından sonra biz ermənilərə Qarabağda yaşamağı təklif etdik və tələb etdik ki, Qarabağ erməniləri Azərbaycan qanunları əsasında yaşayacaqlarını bildirməli, Azərbaycan pasportlarını əldə etməli və bundan irəli gələn hüquqlara malik olmalıdırlar. Halbuki, 30 il əvvəl erməni quldur dəstələri bizə öz torpaqlarımızda yaşamaq haqqı belə vermirdilər. Azərbaycan dövlətinin humanist mövqe nümayiş etdirməsinə rəğmən Qarabağ erməniləri isə təhlükəsizlik zəmanətini bəhanə edərək tələblərimizi qəbul etmədilər və Azərbaycan qanunları ilə yaşamaqdan imtina etdilər. Özləri bilər!”.