Türkiyə kəşfiyyatı "Yalquzaq"ı çökdürdü

9 min 952 terrorçunun şəxsi məlumatı olan arxiv ələ keçirilib

Təəssüflə qeyd edirəm ki, açıqlanan adlar arasında azərbaycanlılar, cənubdan olan soydaşlarımız və Türkiyə vətəndaşları da var


  İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi İŞİD-ə aid arxivi əldə etmək üçün məxfi əməliyyat keçirib. “SABAH” qəzetinin məlumatına görə, əməliyyat nəticəsində  9 min 952 terrorçunun şəxsi məlumatı olan "Yalquzaq" adlı arxiv ələ keçirilib. Həmin arxivi əldə etmək üçün ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin, MI6-nın və “Mossad”ın da cəhdlər göstərdiyi vurğulanıb. Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya, İran və İsrail kəşfiyyatına çalışan casuslar da saxlanılıb. Arxiv dosyalarında terrorçuların tərcümeyi-halı, bacarığı, istifadə etdiyi silahlar və s. barədə məlumatlar yer alıb. Nəşr yazıb ki, İŞİD İstanbulda hansısa “yük mübadiləsi" planlaşdırırmış. Saxlanılanlar arasında Seymur Rzayev, İlyas Yıldırım, Zeynəddin Çalışkan, (Yaşar Kod) Mehmet Çelik və Hikmət Əliyev adlı şəxslər də var.
 
Sabiq dövlət müşaviri Qabil Hüseynli "Sherg.az"a açıqlamasında bildirib ki, terrorçu ünsürlərin ifşası və zərərsizləşdirilməsi üçün Türkiyədə keçirilən genişmiqyaslı əməliyyatlar zəruridir. Politoloq bildirib ki, İŞİD və digər terror təşkilatların üzvlərini, fəaliyyət planlarını əks etdirən şifrləri gizli dosyaların ələ keçirilməsi isə daha önəmlidir: "Xəbərə görə, həmin gizli dosyaları ölkədən çıxarmaq istəyən "kuryer" İstanbul hava limanında saxlanılıb. Bununla da böyük terror və casus şəbəkəsi ifşa olunub. Təəssüflə qeyd edirəm ki, açıqlanan adlar arasında azərbaycanlılar, cənubdan olan soydaşlarımız və Türkiyə vətəndaşları da var. Əsasən, İranın casus şəbəkəsinin fəaliyyəti ilə bağlı xəbərlərə diqqət yönəldilir. 

Ancaq bununla yanaşı, gizli sənədlərdə İranın himayə etdiyi çoxsaylı terror qruplaşmalarının adlarının olması da qiymətli məlumatlardır. Bu, bir daha sübut edir ki, İrandakı fars-molla rejimi Yaxın Şərqdə və digər bölgələrdə terror təşkilatlarına həm maliyyə, həm də hərbi dəstək verir. Sonra həmin terrorçuları müxtəlif istiqamətlərdə yönləndirir. Şübhəsiz, ələ keçirilən gizli dosyanın məlumatları İranın dəstəklədiyi terrorçu təşkilatların çökdürülməsi ilə nəticələnəcək. O cümlədən İranın pozucu və dağıdıcı siyasət yürütdüyü, regionda sülh və sabitlikdə maraqlı olmadığı bir daha sübuta yetiriləcək. Yəqin ki, xeyli mühüm faktlar gizlilik səbəbi ilə ictimaiyyətə açıqlanmayıb. Ümumən, əməliyyat kifayət qədər böyük uğur hesab oluna bilər".