Türkiyə qoşunları Azərbaycanda qalacaq

"Təhdid haradan gəlir-gəlsin, tək ordu, tək güc və tək yumruq olarıq"

"Ankara-Bakı birgə genişmiqyaslı hərbi təlimləri təkcə İrana deyil, Rusiyaya da mesajdır"


  Azərbaycan-Türkiyə birgə taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar və digər rəsmilər "Qardaş yumruğu" təlimini izləmək üçün təlim poliqonuna gəliblər. Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər. Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.
  Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib.

""Qardaş yumruğu" təlimləri Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür"

  Prezident İlham Əliyev təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə telefon zəngi ilə şəxsi heyəti təbrik edib. Dövlət başçısı vurğulayıb ki, bu təlimlərin adı "Qardaş yumruğu"dur: "Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təşkil etdiyi hərbi təlimlərin uğurla başa çatması münasibətilə təbrik edirəm”.

"Azərbaycan-Türkiyə qardaşlığını “Bir millət, iki dövlət” fəlsəfəsi ilə eyniləşdirir"

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təlimdə iştirak edən şəxsi heyəti təbrik edib. O, "bir millət, iki dövlət" anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib. Heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini deyib: "Azərbaycanda birgə hərbi təlimlər keçiririk. Bunun məqsədi istənilməyən, amma yaşanan sıxıntıları birlikdə aradan qaldırmaqdır. Bu hərbi təlimlər bölgədə fərqli prosesləri canlandırır və Azərbaycan-Türkiyə qardaşlığını “Bir millət, iki dövlət” fəlsəfəsi ilə eyniləşdirir. Dostlarımızı artıracağıq, düşmənlərimiz yerini biləcək. Bizə yönəlmiş təhlükələr gördükdə, heç kimin gözləmədiyi qələbələri əldə etmək qabiliyyətimiz var”. Türkiyə liderinin sözlərinə görə, oxşar addımlar bundan sonra da atılacaq: "Türkiyə Qarabağda azərbaycanlı qardaşları ilə birlikdə oldu. Türkiyə qardaş ölkələrə dəstəyini bundan sonra daha da artıracaq". 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Azərbaycana qarşı təhdid haradan gəlir-gəlsin, tək ordu, tək güc və tək yumruq olarıq. Hulusi Akar Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını səmimi şəkildə arzuladıqlarını vurğulayıb: "Hardan və kimdən gəlməsindən asılı olmayaraq, Türkiyə və Azərbaycana qarşı təhlükə və ya təxribatın hər iki ölkəyə qarşı olduğunu qəbul edirik. Dostumuzu birlikdə dost görür, düşmənimizi də düşmən bilirik. Buna kimsənin şübhəsi olmasın".

"Birgə təlimlər Türkiyə ilə Azərbaycanın gücünü və qətiyyətini açıq şəkildə göstərdi"

  Akar deyib ki, həssas dövrdə ölkələrimizin və millətimizin təhlükəsizliyinin təmin edilməsi ancaq və ancaq aktiv və etibarlı bir orduya sahib olmaqla mümkündür: "Türkiyə Silahlı Qüvvələri ilə dost və qardaş Azərbaycan Ordusunun birgə həyata keçirdiyi bu təlimi son dərəcə anlamlı və faydalı hesab edirik". Nazir qeyd edib ki, təlim iki ölkə Silahlı Qüvvələrinin, Türkiyə və Azərbaycanın haqq və mənfəətlərini qorumaqdakı gücünü və qətiyyətini ən açıq şəkildə göstərib.

"Türkiyə ilə birgə fars-molla rejiminin şər siyasətinə qarşı sipər çəkməyə məcburuq"

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib ki, Şuşa Bəyannaməsinin şərtlərinə uyğun olaraq Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimlərinin əsas məqsədi İrana mesaj və ya güc nümayişi deyil. Amma İran tərəfi bunu özünə qarşı ünvanlanmış mesaj kimi dəyərləndirirsə, lap yaxşı, qoy dəyərləndirsin: "İran bundan sonra anti-Azərbaycan siyasətinə son qoysun, ölkəmizə qarşı münasibətinə çəki-düzən versin. 
Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirməyə məcburdur. Bizi buna məcbur edən ölkələrdən biri də İran adlandırılan şər yuvasıdır. İran özünün aqressiv, qeyri-dost siyasəti ilə, davamlı təxribatları ilə bölgədə sülh və sabitliyə daim təhdid yaradır. Bu ölkə gah sərhədlərimiz boyunca ard-arda hərbi təlimlər keçirir, gah diplomatların, deputatların və SEPAH generallarının ağzıyla bizi hədələyir, gah da Qarabağa diversantlar göndərir, Xankəndidəki erməni separatçılarına bu və ya digər formada dəstək verir. Bütün bunlar onu göstərir ki, İranın normal qonşuluq siyasəti yürütmək niyyəti yoxdur. Ona görə də biz qardaş Türkiyə ilə birgə səylər əsasında fars-molla rejiminin şər siyasətinə qarşı sipər çəkməyə məcburuq. Bu baxımdan, iki ölkənin birgə hərbi təlimləri bilavasitə Cənubi Qafqazda sülh və sabitliyin qorunmasına xidmət edir. Mollaları ağıllandırmağın, onları reallıq hissinə qaytarmağın başqa yolu yoxdur. Sərhədlərimizdə təlim keçirən, Arazın üzərindən panton körpü salan bir ölkəyə eyni qayda ilə cavab verdik ki, rəsmi Tehran həddini bilsin və bundan sonra bir daha ölkəmizə qarşı məkrli addımlar atmağa cəhd göstərməsin. Ermənistanı "Dəmir yumruq"la necə əzmişiksə, İranı da "Qardaş yumruğ"u ilə haqq yoluna gətirə bilərik!".

"Vaşinqton təlimlərə dəstək verir"

  Politoloq Məhəmməd Əsədullazadə də deyib ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən Tehran rejimi nəticə çıxarmalıdır: "Türkiyə ilə ilk dəfə bu miqyasda hərbi təlim keçirilir. Ankara-Bakı birgə genişmiqyaslı hərbi təlimləri təkcə İrana deyil, Rusiyaya da mesajdır. Moskva da bu təlimlərdən nəticə çıxarmalıdır. Çünki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin "fəaliyyəti" Azərbaycanın təhlükəsizliyini təhdid edir. Bu təlimləri NATO-Azərbaycan təlimləri kimi də xarakterizə etmək olar. Vaşinqton təlimlərə dəstək verir. Bu təlimlərdən sonra Türkiyə qoşunları müəyyən müddətdə Azərbaycanda qalacaq".