Türkiyə regionda super gücə çevrilib

Belə bir vəziyyətdə ABŞ NATO ölkəsi ilə əməkdaşlığa məcburdur

ABŞ və Türkiyə Qafqazda və Şimali Afrikada birlikdə fəaliyyət göstərir, ABŞ bu münasibətlərin faydasını görür.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Türkiyədəki səfiri Ceffri Fleyk "Anadolu" agentliyinə müsahibəsində deyib.
"ABŞ və Türkiyə olaraq yaxın münasibətlərimizin faydasını görürük. Təhlükəsizliyimiz güclənib. Türkiyə 70 ildir ki, NATO üzvüdür, ona görə də bu sahədə bir çox ortaq maraqlarımız mövcuddur", - deyə səfir bildirib.
Amerikalı səfir, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini çox yaxşı hadisə adlandırıb.

"Biz bu prosesi məmnuniyyətlə qarşılayırıq. Birincisi, Rusiyada baş tutan, ikincisi isə Vyanada keçiriləcək xüsusi nümayəndələrin görüşü bizi sevindirir. İstanbulla Yerevan arasında birbaşa uçuşların başlaması da çox vacib addımdır", - səfir deyib.

ABŞ üçün Türkiyənin, ələlxüsus onun Cənubi Qafqazdakı varlığının önəmi nədən ibarətdir?
Bu barədə “Şərq”ə danışan politoloq Əhəd Məmmədli qeyd etdi ki, Türkiyənin Cənubi Qafqazdakı mövcudluğu NATO-nun da orada olması deməkdir.

“Son yüz ildə Türkiyənin regionda önəmi azalmışdı. Ancaq yenə də müəyyən dərəcədə təsir edirdi. Ərdoğan iqtidara gələndən sonra Türkiyə yenidən böyüməyə başladı və regionda super gücə çevrildi. Daha sonra dünyada da təsirini artırmağa başladı. 

O, ABŞ üçün vacib tərəfdaşa çevrilib. Türk ordusu indiki zamanda NATO-ya lazımdır. Eyni şəkildə Türkiyə üçün də ABŞ önəmlidir. Ona görə də, belə bir tərəfdaşla istəməsə belə əməkdaşlıq etməyə məcburdur. 

1918-ci ildən sonra ilk dəfə idi ki, Türkiyə Cənubi Qafqaza daxil oldu. Bu bölgə Rusiyanın arxa bağçası hesab olunur. Türkiyənin girməsi eyni zamanda NATO-nun da bu regiona nüfuz etməsi deməkdir. 

Türkiyə ilə müttəfiq olduğu üçün Azərbaycanın da önəmi artır. Hər yerdə zəif istismar olunur, güclüyə isə hörmət edilir. Onunla hər kəs anlaşmaya getməyə çalışır. Hətta Amerika kimi bir dövlət belə”.

Sənan İsmayıl