"Ukrayna məhkəməsinin hökmünə çox təəssüf edirəm"

Çingiz Qənizadə: "Misir Qasımlı və dostu Sübhan Quliyevlə bağlı belə ciddi cəzanın veriləcəyi ehtimalı çox aşağı idi" 

"Ümid edirdik ki, məhkəmə prosesində bir məsələyə aydınlıq gətiriləcək və onlar barəsində ya bəraət hökmü veriləcək, ya da daha yüngül cəzalar tətbiq olunacaq"

  Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi qazisi Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub. Onlar "xuliqanlıq və silah saxlamaqda" təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, təqsirləndirilən şəxsin, yəni Misir Qasımlının sözlərinə görə, milliyətcə erməni olan bir əcnəbi döyüldüyünü iddia edərək M.Qasımlını şərləyib. Guya onu qanunsuz olaraq "həbsdə" saxlayıblar. Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Misir Qasımlı və Sübhan Quliyev məhkəmənin çıxardığı hökmə etiraz ediblər və məhkəmə salonunda gərginlik yaşanıb. 

  Misir Qasımlının vəkili Aygül Rəfiyeva deyib ki, ötən gün keçirilən məhkəmədə qarşı tərəf hakimə saxta rəy təqdim edib. Onun sözlərinə görə, son bir neçə məhkəmədir ki, bıçaqlanma məsələsi yenidən gündəmə gətirilib: “Zərərçəkmiş ona maşında bir bıçaq zərbəsi endirildiyini deyirdi. Şalvarı da ekspertizaya təqdim olunmuşdu. Ötən prosesdə şalvarı maddi sübut olaraq açdılar. Önündə üç deşik, arxasında 6 deşik var idi. Polislər özləri şalvarı deşik-deşik ediblər. Lakin zərərçəkmiş ifadəsində bir dəfə vurulduğunu söyləmişdi. Xəsarət də qeydə alınmayıb. Sual olunur ki, maşında əyləşən biri arxadan necə vurula bilər? 9 bıçaq zərbəsindən qan aparardı. Maşından qan tapılmayıb. Daha sonra heyvan qanını töküblər. Şalvardakı qanın isə ümumiyyətlə mənşəyi bilinmir. Ekspertiza müəyyən edə bilməyib, bununla bağlı rəy verib”. 

  Vəkil ötən gün məhkəmədə təqdim olunan rəyi hakimin qəbul etmədiyini söyləyib: 

“Rəyin qəbul edilməməsi ilə bağlı etiraz etdik. Sübutları ilk məhkəmələrdə vermək mümkündür. Sonuncu qəbulolunan deyil. Hakim də qəbul etmədi. Onlar saxta rəy alıblar. Rəy var idisə, vaxtında verilməli idi. Hakim xüsusi qərar çıxarıb, rəyi yoxlanışa göndərə bilərdi. Lakin göz yumdu. Maddi sübut kimi sadəcə olaraq qəbul etmədi. O hissə xeyrimizə oldu. Sübut olmadığına görə bəraət veriləcəyini düşünürdüm. Misir Qasımlı və Sübhan Quliyev 1 il 8 ay orada yatıblar”. 

  Aygül Rəfiyeva zərərçəkmişin məhkəməyə ümumiyyətlə videogörüntü ilə də qoşulmadığını söyləyib: 

“Zərərçəkmiş məhkəmədə yenə iştirak etmədi. Əvvəllər video ilə qoşulurdu. Bir neçə məhkəmədir ki, videogörüntü ilə də qoşulmur. Ötən gün erməni izinin olması bir daha sübut olundu. Bizdən qabaq onların xəbəri var idi. Nalayiq ifadələrlə paylaşımlar edirlər. Misiri oradan çıxmağa qoymayacaqlar. Öldürməsələr, yaxşıdır. Hər şey bizim xeyrimizə olsa da, hakim xeyrimizə deyildi. Ombudsman da onlara xəbər göndərmişdi. Biz sevindik ki, yaxşı nəticə alacağıq. Əksi ilə üzləşdik. Prokuror, zərərçəkmişin vəkili 10 il həbs istədilər. Hakim 8 il verdi. Həmin adamın psixoloji problemləri var. Narkotik maddələrin təsiri altında olub”.

  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Şərq"ə açıqlamasında bildirib ki, Ukrayna Ali Məhkəməsi tərəfindən soydaşlarımıza qarşı çıxarılan hökm çox narahatedicidir. Ekspert vurğulayıb ki, Misir Qasımlı və dostu Sübhan Quliyevlə bağlı belə ciddi cəzanın veriləcəyi ehtimalı çox aşağı idi: 

"Ümid edirdik ki, məhkəmə prosesində bir məsələyə aydınlıq gətiriləcək və onlar barəsində ya bəraət hökmü veriləcək, ya da daha yüngül cəzalar tətbiq olunacaq. Çünki şikayətçinin məhkəməyə gəlməməsi, erməni əsilli olması, polisə müraciətindən sonra Ukraynanı tərk etməsi xeyli şübhəli məqamların olması ehtimalını gücləndirirdi. Ukrayna məhkəməsi tərəfindən soydaşlarımıza qarşı belə bir hökmün çıxarılmasına çox təəssüf edirəm. İstintaqın detallarını kifayət qədər bilmirəm. Lakin qazimiz Misir Qasımlı ilə bağlı uzun müddətdir ki, Azərbaycan ictimaiyyəti, beynəlxalq təşkilatlar, Ukraynada olan Azərbaycan diasporası çox aktivlik göstərirdi. Hüquq müdafiəçiləri də bununla bağlı bir neçə dəfə mövqelərini ortaya qoyublar. Məhkəmənin ədalətli olmasını, qazimizə və digər azərbaycanlıya bəraət verilməsini tələb etmişdilər. Düşünürəm ki, məhkəmə prosesinin davamı olacaq. Məhkəmələr üç pilləlidir və növbəti məhkəmə prosesinə qədər yəqin ki, Azərbaycan tərəfinin daha ciddi addımlarının şahidi olacağıq. Bu hökmdən sonra hüquq müdafiəçiləri də yaxın günlərdə toplaşıb M.Qasımlı və S.Quliyevin azadlığa çıxması, yaxud daha yüngül cəzaların verilməsi ilə bağlı mövqe nümayiş etdirəcəklər".