Urmiya gölü ölümə məhkum edilib -ŞƏRH
Əsrlərin həyat mənbəyi faciəsi təkcə ekoloji deyil, həm də siyasi fəlakətdir
Urmiya gölü İran üçün ictimai, siyasi və iqtisadi böhrana çevrilib. Bunu parlamentdə Qərbi Azərbaycan nümayəndə heyətinin sədri, deputat Hakim Məmekan deyib. Deputat vurğulayıb ki, Urmiya gölü böhranına laqeydlik ətraf vilayətlər, hətta bütün ölkə üçün sağalmaz nəticələrə gətirib çıxara bilər: "Urmiya gölünün quruması sadəcə bir ekoloji məsələ deyil. Bu məsələ ictimai, siyasi və iqtisadi təhdidə çevrilib. Gələcəkdə gölün ətrafındakı vilayətlərdə xəstəliklərin artmasının şahidi olacağıq. Eləcə də, iqlim və kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyəcək". Qeyd edək ki, bir vaxtlar Yaxın Şərqdə ən böyük göl hesab edilən Urmiya gölünün 90 faizdən çoxu quruyub.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, bir vaxtlar dünyanın ən böyük duzlu göllərindən biri sayılan Urmiya gölü gözümüzün önündə məhv oldu. Ekspert vurğulayıb ki, çoxları bunu hələ də sadəcə bir gölün faciəsi kimi görsə də, əslində, ortada həm ekoloji, həm iqtisadi, həm də sosial miqyaslı bir fəlakət dayanır:

"Əsrlər boyu bölgənin həyat mənbəyi olmuş bu göl indi xəritələrdən silinmək üzrədir. Sular çəkildikcə duzlu torpaq qapqara yaralar kimi açılır, küləklər isə bu yaraları havaya sovurub insanın nəfəsinə, torpağın sinəsinə daşıyır. Qurumuş yataqdan qalxan duzlu toz fırtınaları nəfəs yollarını boğur, ürəkləri zəiflədir, insanın canına ölümcül xəstəliklər səpir. Hər gün daha çox ailə övladını xəstəxanaya aparır, hər gün daha çox kənd təsərrüfatı sahəsi məhsulsuz qalır. Bir zamanlar həyat verən mavi göl indi ölüm saçan ağ fırtınalara çevrilib. Böhranın səbəbləri göz önündədir: - gölə axan çayların qarşısı kəsilib, ətraf ərazilərdə saysız-hesabsız quyu qazılıb, torpaqlar isə suya ən çox aclıq göstərən məhsulların əkininə qurban verilib. Qurğular, bəndlər və nəzarətsiz su idarəçiliyi təbiətin tarazlığını məhv edib. Rəqəmlər isə vəziyyətin dəhşətini bir daha sübut edir. Gölün yaşaması üçün lazım olan onlarla milyard kubmetrlik suyun yerində indi cəmi bir ovuc, yüzdə bir belə olmayan həcmdə su qalıb. O da günlərin birində tamamilə buxarlanacaq".
S.Əsədliyə görə, ən ağrılısı isə odur ki, bütün bu fəlakətin qarşısı alınmalı olduğu vaxtda laqeydlik hökm sürüb:
"Çoxdan qadağan edilməli olan əkinlər genişlənib, qanunsuz quyulara göz yumulub, ekoloqların səsi eşidilməyib. Uyarılar qulaqardına vurulub, qərarlar kağız üzərində qalıb. Gölün taleyi, sanki, bilərəkdən ölümə məhkum edilib. İndi isə nəticə göz qabağındadır: kənd təsərrüfatı iflic olur, heyvandarlıq tükənir, insanlar torpaqlarını tərk etməyə məcbur qalır. Bu, sadəcə bir gölün yoxluğu deyil, bütöv bir regionun həyat damarlarının kəsilməsidir. Urmiya gölünün faciəsi bir daha sübut edir ki, təbiətə qarşı edilən hər biganəlik sonda bumeranq kimi insana qayıdır. Quruya çevrilən bu mavi dəniz indi təkcə suyun deyil, həm də bir xalqın nəfəsinin, dolanışığının, gələcəyinin məzar daşına çevrilib".
Analitik əlavə edib ki, Urmiya gölü faciəsi təkcə ekoloji deyil, həm də siyasi fəlakətdir:
"Bu, birbaşa Tehran rejiminin düşünülmüş siyasətinin nəticəsidir. Cənubi Azərbaycanda İran İslam Cümhuriyyətinin atom bombası düzəltmək istəyi haqda iddialar uzun illərdir dolaşır. Urmiya gölündə uraniumun olması da bu şübhələri artırır. Bu gölü qurutmaqla həm həmin təbii sərvəti ələ keçirmək, həm də bölgəni yaşayış üçün yararsız hala gətirmək planı həyata keçirilmişdir. Urmiya gölü ilə bağlı önəmli məqamlardan biri də, bu bölgədə yaşayan soydaşlarımızın taleyidir. Fars-molla rejiminin əsas məqsədlərindən biri göl ətrafında yaşayan Azərbaycan türklərini ata-baba yurdlarından köçürmək, onların yerinə isə başqa etnik qrupları yerləşdirməkdir. Bu, açıq-aşkar demoqrafik dəyişiklik siyasətidir, məkrli bir köçürmə və assimilyasiya planıdır".