Vaxtı çatıb... - Ərdoğan tərəfləri barışdırmaq üçün ən optimal yolu seçib

Kreml Ankaranın vasitəçilik missiyasına güvənmək məcburiyyətində qalacaq
   Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, epidemioloji vəziyyət və prezidentlərin iş qrafiki imkan verən kimi səfər baş tutacaq. Xatırladaq ki, Türkiyə prezidenti rusiyalı həmkarını ölkəsinə səfərə dəvət edib. Ərdoğan vurğulayıb ki, Rusiya-Ukrayna böhranının həlli üçün lazımi addımlar atılır. Türkiyə lideri bəyan edib ki, böhran dialoq yolu ilə, zorakılıq olmadan həll edilməlidir: “Rusiyanın Ukraynaya hücum etməyəcəyinə ümid edirəm. Hər iki ölkə liderini Türkiyəyə dəvət edib sülhə yol aça bilərik. Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə lap əvvəldən dəstək verib. 
Rusiyanın Krım başda olmaqla Ukraynanın ərazi bütövlüyünə zərər yetirən addımlarına qarşı bəlli bir mövqe nümayiş etdirdik. Bu mövqeyimizin dəyişməsi mümkün deyil”. Ərdoğan Rusiyanın Ukraynaya silahlı hücum etməyəcəyinə, işğala əl atmayacağına ümid etdiyini söyləyib: “Belə bir addım nə Rusiya, nə də bölgəmiz üçün ağıllı iş olar. Rusiyaya onun bəzi tələblərinin niyə qəbuledilməz olduğunu izah etməliyik. Cənab Putini ölkəmizə dəvət etmişik. Onunla ikitərəfli danışıqlar apararaq müəyyən addımlar atmaq istəyirik”.
   Ankaranın vasitəçilik təklifini və Putinin müsbət cavabını “Şərq”ə dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukrayna siyasətinin yanlış olduğunu dəfələrlə vurğulayıb. Analitik xatırladıb ki, Türkiyə lideri “hər hansı yerdə torpaq işğal edib, ələ keçirəcəm” məntiqi ilə davranmağın müasir dünya şərtlərində qəbuledilməz olduğunu bəyan edib: 
“Hazırda Türkiyə və Rusiyanın Ukraynaya münasibətdə mövqeləri kəskin ziddiyyətlidir. Üstəlik, rəsmi Ankaranın bu problemə münasibətdə mövqeyinin Azərbaycanla üst-üstə düşməsi də Kremli ciddi şəkildə narahat edir. Rusiya hər iki türk dövlətini Ukraynaya daha yaxın hesab etməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna səfərindən sonra Kremlə yaxın siyasi dairələrdə iki müttəfiq türk dövlətinin ortaq hərəkət etməsi barədə qənaətlər yaradıb. Ancaq Kreml üçün Türkiyənin Rusiya və Ukraynaya vasitəçilik təklif etməsi hazırda böyük önəm daşıyır. Ona görə də Türkiyə liderinin həm Rusiya, həm də Ukrayna prezidentlərini danışıqlar üçün Ankaraya dəvət etməsinə Kremldən müsbət reaksiya verilib. Sadəcə, Kremldə hesab edirlər ki, Türkiyənin vasitəçiliyi ilə danışıqlar prosesinin başladılmasının hələ vaxtı çatmayıb. Ona görə də Prezident Putinin Ankaraya nə vaxt səfər edəcəyini konkretləşdirməyə tələsmirlər. Hesab etmək olar ki, Kreml Türkiyənin vasitəçilik missiyasına hələlik bir qədər ehtiyatlı yanaşır”.
E.Xalidbəylinin sözlərinə görə, Rusiya Türkiyə ilə yaxın tərəfdaşlıq münasibətlərini nəzərə alaraq, rəsmi Ankaradan daha sərfəli mövqe gözləyir: 
“Hələlik bunun baş verəcəyi qətiyyən nəzərə çarpmır. Türkiyə prezidenti Ukraynanın ərazi bütöblüyünün toxunulmazlığı və Krımın ilhaqı ilə bağlı məsələlərə münasibətdə rəsmi Ankaranın mövqeyinin dəyişməyəcəyini vurğulayır. Üstəlik, Prezident Ərdoğan Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, Türkiyənin NATO çərçivəsində öz öhdəliklərini yerinə yetirəcəyini də vurğulayır. Bunları nəzərə aldıqda, vəziyyətin kifayət qədər qəliz olduğu qətiyyən şübhə doğurmur. Kreml Ukrayna ilə anlaşmaq deyil, məhz Rusiyanın strateji hədəflərinə çatmaq, hətta bunun üçün savaşmaq barədə düşünür. Halbuki, iki dövlət arasında vasitəçilik missiyasını öz üzərinə götürməyə çalışan Türkiyə Rusiyanın bu mövqeyi ilə qətiyyən razı deyil. Rəsmi Ankaranın qənaətinə görə, Rusiya savaşa yola aça biləcək bütün addımlardan mütləq çəkinməlidir. Çünki həmin region daha bir müharibəyə qətiyyən tab gətirə bilməz”.
Siyasi şərhçi vurğulayıb ki, Ukrayna böhranı nə qədər qəliz məzmun daşısa da, Ankara iki qonşu ölkəni barışdırmağa çalışır: 
“Rusiyanın hədəfləri ilə Türkiyənin mövqeyi arasında kəskin ziddiyyətlər mövcuddur. Bu isə o deməkdir ki, Kreml Ankaranın vasitəçilik təklifini geri çevirərsə, Türkiyə Rusiyanın deyil, məhz Ukraynanın yanında yer almaq məcburiyyətində qala bilər. Ona görə də rəsmi Ankara Ukrayna böhranına münasibətdə diplomatik manevrlərə üstünlük verir. Ukrayna böhranının qlobal savaşa çevrilməsi Türkiyənin maraqlarına cavab vermir. Ankara ABŞ və NATO ilə Türkiyənin müttəfiqlik münasibətlərinin tamamilə korlanmasını istəmir. Digər tərəfdən Türkiyə Rusiya ilə iqtisadi-ticari tərəfdaşlığının pozulmasına da həvəsli deyil. Nəhayət, yeni savaş poliqonuna çevrilmə təhlükəsi qarşısında olan Ukraynanı xarici hərbi müdaxilədən qorumağa cəhd göstərir. Türkiyə NATO və Rusiyanın gözləntilərindən tamamilə fərqli missiya planlaşdırmağa çalışır. Birbaşa təmaslar böyük uğursuzluqla nəticələndiyindən Amerika və NATO Türkiyə tərəfindən yürüdüləcək vasitəçilik missiyasına ehtiyac duyur”.
Müsahibimiz qeyd edib ki, tərəflər arasında hərbi toqquşma ehtimalı güclənərsə, Rusiya da Türkiyənin vasitəçilik missiyasına güvənmək məcburiyyətində qalacaq:
 “Türkiyə çoxvektorlu vasitəçilik imkanlarına malikdir. ABŞ-Rusiya, NATO-Rusiya, həm də Ukrayna-Rusiya təmaslarına vasitəçilik edə biləcək yeganə dövlətdir. Türkiyədən daha uğurlu vasitəçinin tapılması savaş təhlükəsi ilə üz-üzə olan tərəflər üçün o qədər də asan olmayacaq. Tərəflər həlledici məqamda Türkiyənin vasitəçiliyi ilə barışmaq məcburiyyətində qala bilərlər. İndiki situasiyada bunun nə vaxt baş verə biləcəyindən danışmaq hələ bir qədər tezdir. Tərəflər bir-birinə qarşı hərbi-siyasi manevr imkanlarını hələ tam tükətməyiblər”.