YAŞAT Fondunda vəsait çatışmır
Qənirə Paşayeva deputatları əməkhaqlarının bir hissəsini Fonda köçürməyə çağırıb
Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 11 məsələ olub. Öncə deputatlar cari məsələlərlə bağlı çıxışlar ediblər. Deputat Tural Gəncəliyev bildirib ki, Azərbaycanın 44 gündə əldə etdiyi qələbəni nəzərə alaraq görürük ki, ölkənin uğurlarını qəbul etməyən qüvvələr var. Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı təhdidlər müşahidə edilir: "Bu məqamda Türk Dövlətləri Təşkilatı ilə əlaqələrə xüsusi diqqət yetirməliyik. Cənab Prezidentin Türk dövlətlərinə səfərləri bir daha göstərir ki, Azərbaycanın din və dil qardaşları ilə daha sıx əməkdaşlıq etməliyik. Türk dövlətləri ilə təkcə humanitar, iqtisadi, mədəni sahədə deyil, müdafiə və təhlükəsizlik məsələsində əməkdaşlıq etməliyik. Dünyada bununla bağlı müxtəlif praktikalar var, elə Avropa Birliyini nümunə olaraq göstərə bilərik. Ona görə də Türk dövlətləri arasında inteqrasiyanı daha dərindən etməliyik”.
"Azərbaycanda vətəndaş nikahından dünyaya gələn uşaqlar var"
Milli Məclisdə vətəndaş nikahlarından dünyaya gələn uşaqların problemləri qaldırılıb. Deputat Fəzail Ağamalı bildirib ki, Azərbaycanda vətəndaş nikahından dünyaya gələn çoxlu sayda uşaq var: "Bu uşaqlarla bağlı məsələlər qanunvericilikdə əksini tapmayıb. Onların statusu, sağlamlıqların qorunması kimi məsələlərin qanunvericilikdə əksini tapmasına ehtiyac var”. Deputat Müşfiq Məmmədli isə nikah zamanı narkoloji müayinə aparılmasını təklif edib: “Nikah zamanı İİV və digər müayinələr tələb olunur. Narkomaniyanın geniş yayıldığı belə bir vaxtda narkoloji testin də bu sıraya daxil edilməsi vacibdir”.
"Onların telefonuna da cavab verə bilmirəm”
Deputat Razi Nurullayev deyib ki, YAŞAT Fonduna müraciətlər çox olduğuna görə kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Onun sözlərinə görə, səbəb YAŞAT Fondunda vəsaitlərin çox az olmasıdır: "Amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür”. Deputat təklif edib ki, Dövlət Neft Fondundan hər il birdəfəlik vəsait YAŞAT Fonduna köçürülsün: “İmkanlı şəxslərə də müraciət edirəm ki, YAŞAT Fonduna vəsait köçürməkdə davam etsinlər. Bununla bərabər, yüzlərlə müharibə iştirakçısı müalicəsini davam etdirmək üçün, əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstə. Belə olan halda, bizlər, dövlət qurumları da çətin suallarla üz-üzə qalırıq, müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir. Qınamaq da olmur. Onların iş yerləri ilə təminatında çox ciddi problemlər mövcuddur. Onda sual olunur ki, onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsın?Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara 3 il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Doğrudan da taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var. Normal ali və peşə təhsili yoxdur ki, iş bazarında axtarışa çıxsın, valideynləri varlı-hallı deyillər ki, övladlarının xərclərini ödəsin, tam da əlil deyillər ki, aylıq vəsait alsınlar. Onun üçün də həm biz, həm də aidiyyəti dövlət qurumu bu məsələni gözardına almasın. Təklif edirəm ki, bu məsələ ilə bağlı bir dinləmə keçirək. Vallah, onlar yazıqdır. Bəlkə, verilən təkliflər içərisində elə səmərəlisi olacaq ki, həm biz, həm də hökumət bəyənəcək. Mən şəxsən daha o şəxslərin telefonuna da cavab verə bilmirəm”.
“İnanıram ki, deputat həmkarlarımız nümunə göstərəcək”
Mİllət vəkili Qənirə Paşayeva da deputatları əməkhaqlarının bir hissəsini YAŞAT Fonduna köçürməyə çağırıb: “YAŞAT Fondunda vəsait çatışmır. Bu ay əməkhaqqımızın bir hissəsini YAŞAT Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fonda dəstək versinlər. İnanıram ki, deputat həmkarlarımız əməkhaqqının bir hissəsini YAŞAT Fonduna bağışlayaraq nümunə göstərəcək”. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə YAŞAT Fonduna davamlı dəstək verildiyini bildirib: “Belə problem yaranıbsa, YAŞAT Fondu ilə əlaqə saxlayarıq”.
"Bu cür problemin televiziya kanalı vasitəsilə həlli..."
Deputat Ceyhun Məmmədov bəyan edib ki, bu yaxınlarda sosial şəbəkələrdə bir yeniyetmənin uşaq evi ilə bağlı problemləri mətbuatda işıqlandırıldı. Amma dövlət qurumları bu məsələ ilə bağlı adekvat davranmadılar: “Sonda isə cəmiyyət gördü ki, problemi aidiyyəti dövlət qurumları yox, hansısa televiziya kanalının aparıcısı həll etdi. Müvafiq qurumlar belə məsələlərə qarşı həssas və diqqətli olmalıdır”.
Xatırladaq ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Aprelin 5-də isə yeniyetmə qardaşının ərizəsi əsasında onun himayəsində evə ambulator müalicəyə göndərilib.
"Rusiya MN-in bülletenlərində ölkəmizdəki yer adları düzgün göstərilmir"
Deputat Sahib Alıyev bildirib ki, Rusiya Müdafiə Nazirliyinin Qarabağla bağlı son dezinformasiya bülletenlərində ölkəmizdəki yer adları düzgün göstərilmir. Parlament üzvü vurğulayıb ki, hansısa "Stepanakert", "Martuni" və s. ifadələrdən dəm vurulur: "Müdafiə Nazirliyimiz təsdiqləmədiyi halda guya ardıcıl olaraq "atəşkəsin pozulması" xəbəri verilir. Bu, gələcəkdə Qarabağda qalmalarını hüquqi baxımından əsaslandırmaq üçün hazırlıqdan başqa bir şey deyil. Aprelin 5-də Laçın-Şuşa-Xankəndi yolunda məhz Rusiya hərbi kontingentinin günahı üzündən baş verən insident zamanı özünü pis hiss edən 3 sərnişinə ilk tibbi xidmət göstərib təcili yardım maşınlarımızda Xankəndiyə çatdırdıq. Təsdiqlədik ki, digər vətəndaşlarımız kimi ölkəmizdəki haydilliləri də heç bir təhlükə gözləmir. Əksinə, səbr və təmkinlə onlar reinteqrasiyaya, cəmiyyətimizin bir parçası olmağa dəvət edilir. Mümkündür ki, de-fakto proksi rolunda çıxış edən qanunsuz silahlı birləşmələrə müəyyən təxribatlar törətdirməklə bunun əksi sərgilənsin. Amma hansı ad altında olursa-olsun, gələcəkdə Qarabağda başqa dövlətin hərbi kontingentinin varlığına ehtiyac duyulmadığı indidən bəllidir. O da bəllidir ki, biz bəzi güclərin bütün cəhdlərinə rəğmən torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi tam təmin etmək əzmindəyik".