"Yaşıl iqtisadiyyat" Azərbaycan üçün prioritetdir

İşğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji”dən istifadə olunacaq

Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 

  Xarici mütəxəssislər Azərbaycanın həm günəş, həm də külək enerjisi üçün əlverişli iqlimə sahib ölkə olduğunu etiraf edirlər. Günəşli günlərin bolluğu və sabit, kifayət qədər güclü külək bərpa olunan enerji mənbələrini iqtisadi cəhətdən səmərəli və etibarlı edir. Energetika Nazirliyinin məlumatlarına əsasən, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük potensial mövcuddur. “Yaşıl enerji” kimi tanınan bu təcrübə dünyada geniş yayılıb və hesab edilir ki, Azərbaycanda da uğurla tətbiq oluna bilər. Bu məsələ artıq prioritet halına gəlib. Hökumət müvafiq tədbirlər hazırlayıb və həyata keçirməyə başlayıb. Alternativ enerjinin tətbiq olunacağı, “yaşıl zona”nın yaradılması nəzərdə tutulan bölgələrin başında işğaldan azad olunmuş ərazilər – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları gəlir. Hələ dövlət başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirmişdi ki, Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq: 

“Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda, ən müasir və iqtisadi cəhətdən ən sərfəli, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – su, külək, günəş enerjisi tətbiq edilməlidir. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir. Digər layihə - 200 meqavat gücündə günəş elektrik stansiyası nəzərdə tutulur. Bunları nəzərə alaraq biz xarici investorları azad olunmuş torpaqlara cəlb etməliyik. Çünki bu gün bu sahəyə investisiya qoymaq istəyən böyük transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bəlkə 10-a yaxın şirkət maraq göstərir və onlar üçün əsas istiqamət azad edilmiş torpaqlar olmalıdır. Biz öz enerji potensialımızı gücləndiririk. İndi gücü 300 meqavatdan çox olan Qobu elektrik stansiyası da inşa edilir və bu, bizim enerji potensialımızı gücləndirəcək. 

Azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılmalıdır”. Energetika naziri Pərviz Şahbazov da bildirmişdi ki, Qarabağ regionunda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək "yaşıl zona", yaxud "yaşıl məkan" konsepsiyasının hazırlanmasına başlanılıb. Onun sözlərinə görə, bu istiqamətdə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır: "İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4 000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı vardır. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb”. P.Şahbazov vurğulayıb ki, ilkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb. "Yaşıl enerji" layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır. 

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda bununla bağlı mühüm məqamlar əks olunub. Vurğulanıb ki, Qarabağda “yaşıl” zonanın yaradılması üçün böyük potensial var: “Azərbaycanda bunun üçün həm təbii, həm də insan ehtiyatları var. Ölkədə çoxlu unikal və istedadlı kadrlar var. Əgər Azərbaycan bu ideyaları toplayıb özünəməxsus “Silikon vadisi” yaratsa, bu, ölkənin qürur mənbəyinə çevriləcək”. Xüsusən, Laçın və Kəlbəcərdə külək, Cəbrayılda günəş elektrik stansiyalarının qurulması planlaşdırılır. Həmçinin, Azərbaycanda Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu da yaradılacaq. Eyni zamanda azad edilən ərazilərdə küçə və yollar yaşıl texnologiyalarla işıqlandırılacaq. 

Millət vəkili Vüqar Bayramov “Şərq”ə bildirib ki, “yaşıl iqtisadiyyat” Azərbaycan üçün prioritetdir. Deputatın sözlərinə görə, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” və “yaşıl iqtisadiyyat”dan istifadə olunacaq: 

“Artıq Qarabağ və Şərqi Zəngəzurda enerji şəbəkəsi yenilənir, yenidənqurma-bərpa işləri və investisiya qoyuluşları həyata keçirilir. Bu ərazilərin mövcud potensialı imkan verir ki, Azərbaycan orada “yaşıl enerji”yə əsaslanan iqtisadiyyat formalaşdıra bilsin. Suqovuşan və Talış kəndində infrastrukturun bərpası da birbaşa bundan xəbər verir. Artıq bərpa və yenidənqurma prosesi yeni mərhələyə qədəm qoyub. Nəzərə alsaq, burada müasir çağırışlara uyğun olaraq, dünya praktikasında sınaqdan çıxmış üsullardan istifadə edilir. “Yaşıl enerji”, “Ağıllı kənd” layihələrinin tətbiqi imkan verəcək ki, işğaldan azad olunmuş ərazilərimizdə enerjiyə olan tələbat alternativ mənbələr hesabına formalaşsın. Araz çayı üzərində qurulmuş iki su elektrik stansiyasının inşası tamamlanmaq üzrədir. “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları həmin ərazilərimizin enerjiyə olan tələbatın ödənməsinə şərait yaradacaq. Günəş və külək enerjisindən aktiv şəkildə istifadə edilməsi “Yaşıl enerji” konsepsiyasının əsas elementlərindəndir. Xüsusən nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizin potensialı böyükdür. Bu da həmin ərazilərdə istehsal olunan enerjinin həm də digər rayonlara nəql edilməsinə imkan yaradacaq”. V.Bayramov deyib ki, alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək: “Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında, müvafiq olaraq 60 və 30 faiz qeydə alınacaq”. 

  Deputat qeyd edib ki, Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində böyük potensiala malik ölkələrdən biridir:

 “Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Eyni zamanda bu potensial torpaqlarımızın işğaldan azad olunmasından sonra daha da artıb.

 Günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır. Xəzər dənizi isə ofşor külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə, Xəzərin təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu hesab edilir. Bu, ölkəmizdəki elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur ”. 

  Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü hesab edir ki, alternativ enerjidən istifadə həm də iqtisadi baxımdan Azərbaycan üçün vacibdir: 

“Çünki Azərbaycan il ərzində 13 milyard kubmetr mavi qaz istehlak edir. Alternativ enerjidən istifadə olunması ekoloji baxımdan vacib olmaqla yanaşı, həm də mavi qaz istehlakında qənaətə imkan yarada bilər. Qənaət nəticəsində əldə edilmiş mavi qaz isə xarici ölkələrə ixrac olunmaqla daha çox valyutanın ölkəyə daxil olmasına zəmin yarada bilər. 

Beləliklə, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə həm ekoloji təmiz, yaşıl iqtisadiyyat prinsipləri baxımından vacib olmaqla yanaşı, həm də Azərbaycanın valyuta gəlirlərinin artırılması və iqtisadi potensialın genişləndirilməsi aspektindən də vacib hesab olunur”.