
Yol bağlanmalıdır: Rusiya sülhməramlıları etibarını tamam itirib
"Laçın dəhlizində Azərbaycanın sərhəd buraxılış məntəqəsi, polis və gömrük postları olmalıdır"
Azərbaycan nümayəndələri dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq dünən Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdiriblər. Sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovla danışıqlar sülhməramlıların Xocalıdakı qərargahında aparılıb. Görüş zamanı bir sıra məsələlər müzakirə predmeti olub. Həmçinin təmasların davam etdiriləcəyi deyilib.

Qeyd edək ki, general Volkovun "Laçın dəhlizində mini gömrük postu ilə bağlı razılıq oldu" açıqlaması Ermənistan tərəfində ciddi təşviş doğurub. Erməni mənbələr yazır ki, Laçın dəhlizinin girişində qurulacaq mini gömrük postunda rentngen skanerlər olacaq və Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejimdə izləyə biləcək. Erməni analitik Tiqran Abramyan deyib ki, Azərbaycanın Ermənistanı Qarabağla birləşdirən dəhlizə nəzarət etmək cəhdləri kifayət qədər mürəkkəb vəziyyət yaradıb. Onun sözlərinə görə, Azərbaycan Ermənistandan Qarabağa və geriyə yük daşımalarının həyata keçirilməsinə ən azı nəzarət funksiyasını əldə etmək üçün ciddi çalışır: "Bunun Rusiya tərəfi ilə birgə, yoxsa başqa formatda həyata keçirilməsi önəmli deyil. Bu addım Ermənistan və Qarabağın “təhlükəsizlik sisteminə” böyük zərbə olacaq. Bu, Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsi üçün böyük addımdır. Azərbaycan Ermənistan hökumətinin susması ilə Qarabağa təzyiqləri artırır və bizim üçün arzuolunmaz prosesləri sürətləndirir”.
"Qarabağ komitəsi"nin koordinatoru, erməni ictimai xadim Karen Ohancanyan da bildirib ki, Bakı Qarabağı tamamilə öz yurisdiksiyasına daxil etməyə çalışır:
"Rusiya sülhməramlıları növbəti dəfə öz vəzifələrini yerinə yetirə bilməyiblər və mülki geyimli Azərbaycan xüsusi təyinatlılarının (ekoloqlar – red.) yolu kəsməsinə şərait yaradıblar”. Onun sözlərinə görə, Bakı Qarabağı tamamilə öz yurisdiksiyasına daxil etməyə çalışır. “Putinin hərbi macərasının iflasa uğraması ilə bağlı Rusiyanın ekzistensial əzabları fonunda Azərbaycan öz problemlərini həll etməyə, yəni Qarabağı tamamilə öz yurisdiksiyasına daxil etməyə və Rusiyanın işğalçı qoşunlarını Qarabağdan çıxarmağa çalışır”.
Ermənistanın “Azad Vətəndaş” ictimai təşkilatının rəhbəri, politoloq Hovsep Xurşudyan isə bəyan edib ki, ruslar Laçın dəhlizini satsalar, şampan tıxacı kimi Ermənistandan çölə atılmalıdırlar. Onun fikrincə, Ermənistan Bakının fəaliyyətlərinə boyun əyməməlidir: "Laçın dəhlizi hər kəs üçün “qırmızı xətt”dir. Laçın dəhlizində hər hansı nəzarət-buraxılış məntəqəsi yerləşdirilsə, ermənilər Azərbaycanın silahlı keçid məntəqəsindən keçə bilməyəcək. Ruslar Laçın dəhlizini satsalar, şampan tıxacı kimi Ermənistandan çölə atılmalıdırlar”.
Millət vəkili Elman Məmmədov "Şərq"ə açıqlamasında deyib ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi tərəfindən imzalanmış bəyanatda açıq-aşkar vurğulanıb ki, sülhməramlıların ərazimizə yerləşməsində məqsəd Laçın dəhlizində gediş-gəlişin təhlükəsizliyini təmin etməkdir. Deputat bildirib ki, sülhməramlılar bunun əksinə, gəldikləri gündən etibarən tamam fərqli istiqamətlərdə fəaliyyət göstərirlər:
"Laçın dəhlizindən əlavə Xankəndi və ətraf ərazilərdə 30-dan çox post yaradıblar və torpaqlarımızda istədikləri hoqqanı çıxarırlar. Separatçılarla əməkdaşlıq edirlər, Xocalı qatili Vitali Balasanyanla müzakirələr aparırlar. Sülhməramlıların rəhbəri A.Volkov mini-gömrükdən danışdı. Ancaq postun necə olacağı, kimin nəzarətinə veriləcəyi hələlik bəlli deyil.
Rusiya sülhməramlıları sərhədçi, yaxud gömrükçü missiyasını yerinə yetirə bilməz. İki ildir deyirəm ki, Laçın dəhlizində Azərbaycanın sərhəd buraxılış məntəqəsi, polis və gömrük postları olmalıdır.
Bəhs etdiyimiz torpaqlar bizə məxsusdur, sahibləri bizik. Dəfələrlə əlimizdə yetərli və tutarlı faktlar olmasına rəğmən, yolu bağlamamışıq. Halbuki bağlaya bilərik, çünki ötən iki ildə hələ də Zəngəzur dəhlizi reallaşmayıb, ermənilər buna imkan verməyib. Ermənilər bizə yol vermirsə, biz niyə verməliyik?! Hələlik öz haqqımızdan istifadə etmirik, sadəcə tələb edirik ki, yolda nəzarət funksiyası bizdə olmalıdır.
Laçın dəhlizinin açıq saxlanmasında məqsəd Qarabağdakı ermənilərin Ermənistana gediş-gəlişini təmin etmək idi. Ancaq yoldan başqa məqsədlər üçün istifadə olunur.
Ötən gün məlum oldu ki, İrandan 14 nəfər qanunsuz yollarla Qarabağa gəlib. Sonra daha 13 nəfərin adı açıqlandı. Şübhə yox ki, ötən müddət ərzində torpaqlarımıza gələnlərin sayı qat-qat çoxdur. Üstəlik, silah-sursat, hərbi texnikalar da daşıyırlar.
Bax, bütün bunların qarşısını almaq üçün həm mini gömrük postu Azərbaycanın nəzarətində olmalıdır, həm də sərhədçilərimiz, hüquq-mühafizə orqanlarımız həmin yola nəzarət etməlidir".