Yücel Karauz: "İranın icazəsinə ehtiyyac yoxdur, Zəngəzur dəhlizi mütləq açılacaq"

Rusiya üçün “Zəngəzur dəhlizi” layihəsinin çox ciddi strateji əhəmiyyəti var”.
 Bunu erməni politoloq Aqassi Enokyan deyib.
“Moskva bu dəhliz vasitəsilə Türkiyə ərazisindən özü üçün keçid təmin edib, Qərbin sanksiyalarından yayınmaq istəyir. Beləliklə iki ölkəni birləşdirən strateji yola nəzarəti də öz üzərinə götürmüş olacaq.
Dəhlizin Mehridən keçməsi ilə Moskva həm də İranın Cənubi Qafqazda əsas aktor kimi rolunu normallaşdıracaq. Hələ ki, Qərb bu layihəyə qarşı çıxdığı üçün bəxtimiz gətirib. Əks halda Ermənistan hakimiyyəti Kremlin gözündən düşməmək üçün buna razı olardı. Vladimir Putin də Nikol Paşinyanı istər rüşvət, istərsə də başqa şəkildə razı salardı”, – A.Enokyan bildirib.
Erməni politoloqun sözlərini "Sherg.az" üçün şərh edən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz söyləyib ki, Zəngəzur dəhlizinin açılması ilə əslində heç bir ölkə əsas aktyor halına gəlmir:
"Erməni politoloqun dedikləri həqiqəti əks etdirmir. Zəngəzur dəhlizi açılarsa, nə Rusiya əsas rol oynayacaq, nə də Mehridən keçdiyi üçün İran baş aktyor olacaq. Zəngəzur dəhlizi ilə birlikdə region dövlətlərinin hər biri Cəbubi Qafqazdakı rolunu itirməmiş olacaq. Baş aktyor olmaqla mövcud varlığını davam etdirə bilmək, regional əlaqələrdə iştirak etmək və Zəngəzur dəhlizindən fayda görəcək 6 ölkədən biri olmaq tamamilə fərqli məsələlərdir".
Y.Karauz  Rusiyanın Zəngəzur dəhlizi üzərindən Türkiyəyə bağlanacaq olmasının ruslar  üçün olduqca vacib qazanc gətirəcəyini vurğulayıb:
"Həmçinin 3 tərəfli sazişə əsasən dəhlizə rəsmi Kremlin nəzarət etməsi onların Cənubi Qafqazda itirdiyi nüfuzunu bərpa etmək üçün şansdır. Təbii ki,  Zəngəzur dəhlizinin bu xəttlə açılması İran üçün travma yaradır.  Ona görə də Mehridən keçməyinə ilk gündən bu yana qarşı çıxırdı. Lakin bunu etmək üçün İranın icazəsinə ehtiyac yoxdur. Zəngəzur dəhlizinin açılması ilə birlikdə Ermənistan və Azərbaycan arasında problemlərin həllini tapacaq, regional əlaqələr inkişaf edəcək. İran problemin həll olmağını istəməyən tərəfdir. Təbii ki, strategiyada önəmli olan elementlərdən biri zamandır. Türkiyə və Azərbayacan bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər, və artıq  proses sona çatmaqdadır. Yeri və vaxtı gəldikdə Zəngəzur dəhlizi mütləq şəkildə açılacaq. Necəki Qarabağ problemi əksər dünya ölkələrinin istəməməyinə rəğmən həllini tapdısa, Zəngəzur dəhlizidə tezliklə həllini tapacaq".