4 il arayla iki qızı yoxa çıxıb


Ağrılı ana evin qapısında oturub, yollarını gözləyir

Türkiyənin Van bölgəsində 9 uşaq anası Sabah Şeyho 4 il arayla 2 qız övladını itirib. Vanın İpəkyolu kəndində 4 il öncə evdən çıxan suriyalı  Cəvahir Həsəndən indiyə qədər xəbər yoxdur.  Ən dəhşətlisi isə bundan 4 gün əvvəl eyni şəkildə Cəvahirin böyük bacısı Yetər Həsənin də ortadan yox olmasıdır.  
Ailə 7 il əvvəl Suriyanın Hələb şəhərindən daxili müharibə səbəbilə  qaçaraq Vana  gəlib. Həmin vaxt ataları Faruk Şeyhonu müharibədə itirən ailə  Van şəhərinin İpəkyolu kəndinə bağlı Serhat məhəlləsində məskunlaşıb. 

Qızların anası deyir ki, 4 il əvvəl bir qızı, 4 gün əvvəl isə digər qızı anidən yox oldu. Ana uşaqlarının qaçırıldığını düşünsə də, heç kəslə düşmənçiliyinin olmadığını qeyd edib.  Ərəb dilində danışan ana fəryad edir: "4 il əvvəl qızım yoxa çıxdı. Qaçırılıb-qaçırılmadığı barədə heç bir məlumatım yoxdu. Bu hadisədən 4 il sonra bir neçə gün öncə 19 yaşlı digər qızım da evdən çıxıb və bu müddətdə ondan da heç bir xəbər yoxdu. Digər qızımın qaçırılmağı ilə əlaqəlidirmi, bilmirəm. Bu günə qədər 2 qızımdan da xəbər almaq mümkün olmayıb. Buna görə evə getmək istəmirəm. Evin qapısında oturub, gözləyirəm. Dövlət rəsmilərindən xahiş və tələb edirəm ki, mənə bir yol göstərsinlər. Mən savaşdan qaçıb bura gəlmişəm, sığınmışam. Bir Allaha, bir də Türkiyə dövlətinə güvənirəm. Övladlarımın tapılmasını istəyirəm".