Bakı sülhə hazırdır, top İrəvanın meydanındadır: “Əsas şərt bundan ibarətdir” - ŞƏRH

  • "Rubinyanın fikirlərini hərfi mənada deyil, ümumi siyasi və ictimai kontekstdə dəyərləndirmək daha doğru olar”

“Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülh artıq bərqərar olub”.

Bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan ölkəsinin Müstəqillik Günü ilə əlaqədar xalqa mesajında deyib.

Spiker artıq hər iki ölkədə sülhün təsdiqləndiyini bildirib: “Nəhayət, çoxdan gözlənilən sülh təsdiqləndiyinə görə, biz artıq rahat nəfəs ala, dinc həyatımızı qura və ondan zövq ala bilərik”.

Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Ruben Rubinyanın açıqlamasını hərfi mənada deyil, daha çox ümumi kontekstdə dəyərləndirmək lazımdır.

Onun sözlərinə görə, artıq iki ilə yaxındır Azərbaycan-Ermənistan sərhədində atəşkəs pozulmur, hər hansı itki və ciddi təxribat qeydə alınmır:

“Eyni zamanda, ötən il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı sülh sazişinin mətni razılaşdırılıb və tərəflər sülhün bərqərar olunması istiqamətində mühüm öhdəliklər götürüblər. Bundan sonrakı mərhələdə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və cəmiyyətlərin yaxınlaşması istiqamətində bir sıra mühüm addımlar atılıb. Azərbaycan Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini aradan qaldırıb və artıq Azərbaycan ərazisindən Ermənistana yük daşımaları həyata keçirilir. Bundan başqa, iki ölkə arasında ticarət əlaqələri başlayıb, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində müəyyən addımlar atılıb. Eyni zamanda, ictimaiyyət nümayəndələri və rəsmilər mütəmadi olaraq görüşür, müxtəlif məsələləri müzakirə edirlər. Bu baxımdan həm Ermənistan cəmiyyətində, həm də Azərbaycan cəmiyyətinin böyük və əhəmiyyətli hissəsində sülhə dəstək var və iki dövlət arasında münasibətlərin normallaşması istənilir. Rubinyanın açıqlamasına da daha çox bu kontekstdən yanaşmaq lazımdır. Yəni məsələni yalnız hüquqi prosedurlar və sənədlər müstəvisində qiymətləndirmək doğru olmaz”.

O. Qasımov vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm irəliləyişlər olsa da, proses hələ hüquqi baxımdan yekunlaşmayıb: “Təbii ki, Azərbaycanla Ermənistan arasında bu proses başlasa da, hələ məntiqi yekununa çatmayıb. Sülh sazişi imzalanmayıb və parlamentlər tərəfindən ratifikasiya olunmayıb. Bunun üçün Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsi və referendum keçirilməsi tələb olunur. Azərbaycan da məhz bunu gözləyir. Azərbaycan tərəfi bəyan edib ki, Ermənistanda referendum keçirilərsə və müsbət nəticə əldə olunarsa, yəni konstitusiyaya müvafiq dəyişikliklər edilərsə, ertəsi gün sülh sazişini imzalamağa hazırdır. Hazırkı mərhələdə əsas şərt bundan ibarətdir. Bir daha qeyd edirəm ki, Rubinyanın fikirlərini hərfi mənada deyil, ümumi siyasi və ictimai kontekstdə dəyərləndirmək daha doğru olar”.