67 ildən sonra Nuru Paşanın məzarı üstündə cənazə namazı qılınacaq





Bu ilin senytabrın 28- də İstanbul "Edirne Kapı Şehitliyinde" Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarının yenidən bərpasından sonra açılışı mərasimi baş tutacaq. Bu barədə sherg.az-a Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü İlham İsmayılov məlumat verib. Onun sözlərinə görə, məlum tədbirə qatılmaq məqsədilə Azərbaycandan Türkiyəyə nümayəndə heyəti yollanacaq: " Həmin heyyətin tərkibində mən, millət vəkili Qənirə xanım Paşayeva, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və başqaları yer alıb. Bilirsiniz ki, Nuru Paşanın qəbrinin üzə çıxmasında və məsələnin ictimailəşdirilməsində Q. Paşayeva və A.Aşırlının xüsusi rolu olub".
İ. İsmayılov onu da diqqətə çatdırıb ki, tədbir ərəfəsində ilk dəfə olaraq Nuru Paşanın məzarı üstündə cənazə namazı qılınacaq: "Nuru Paşa 1949-cu ildə martın 2-də özünün rəhbərlik etdiyi silah zavodunda baş verən qəfil partlayış nəticəsində dünyasını dəyişib və bədəni bir neçə hissəyə parçalanıb. Onun dəfni zamanı müfti o vaxtkı dövrə uyğun olaraq belə bir qərar çıxarıb ki, bədəni tam olmadığı üçün cənazə namazı qılınmasın. Və bu namaz da qılınmayıb. Türkiyəli yazar, Nuru Paşanın araşdırmaçısı Atilla Oral uzun müddət idi ki, bu məsələnin gerçəkləşməsi uğurunda mübarizə aparırdı. Artıq bu ayın 28- də, 67 ildən sonra Nuru Paşanın məzarı üstündə cənazə namazı qılınacaq. Tədbirin önəmli məqamlarından biri də budur".

Ayyət Əhməd