Rusiya və İranın Azərbaycana tranzit ehtiyacı artır - Tofiq Zülfüqarov

  • Azərbaycan iki qlobal dəhlizin əvəzolunmaz ölkəsidir
  • Zəngəzur dəhlizi Şimal-Cənub xəttinə yeni nəfəs verəcək

Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən üçtərəfli görüş regionda nəqliyyat-kommunikasiya əlaqələrinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşün əsas müzakirə mövzusu olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın, Rusiyanın və İranın regional iqtisadi əməkdaşlıq, yükdaşımaların genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ilə bağlı maraqlarını bir araya gətirir. Son illərdə regionda baş verən geosiyasi dəyişikliklər, yeni nəqliyyat marşrutlarının aktuallaşması və tranzit imkanlarının genişləndirilməsi Şimal-Cənub dəhlizinin əhəmiyyətini daha da artırıb. Xüsusilə Azərbaycan bu dəhliz çərçivəsində əlverişli coğrafi mövqeyi, mövcud dəmir yolu infrastrukturu və beynəlxalq nəqliyyat əlaqələri ilə mühüm tranzit ölkə kimi çıxış edir. Bununla yanaşı, Astara-Rəşt dəmir yolu xəttinin tikintisi və dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi qarşısında duran məsələlər də diqqət mərkəzindədir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranması və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr regionun nəqliyyat xəritəsində mümkün dəyişiklikləri gündəmə gətirir. Bu proseslər Şimal-Cənub və Şərq-Qərb istiqamətlərinin qarşılıqlı əlaqələndirilməsi, Azərbaycanın tranzit potensialının artırılması və ölkənin geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından yeni perspektivlər yaradır.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a bildirib ki, bir neçə il bundan qabaq bu məsələyə dair yüksək səviyyədə görüşlər keçirildi:

“Şimal-Cənub dəhlizinin istifadəsinə aid öhdəliklər bəyan olundu . Bu, yeni proses deyil. İndiki müharibə şəraitində Həm Rusiya, həm də İran üçün bu dəhliz daha da aktullaşıb. Bu bəlli bir aksiom, siyasi reallıqdır ki, heç izah verməyə də ehtiyac yoxdur. Azərbaycan ərazisi müxtəlif kommunukasiyalar üçün ən yaxşı keçid nöqtəsidir. Yəni tranzit və kommunikasiya sahəsi bizim üçün vacibdir. Artıq geopolitik vəziyyət ona gətirib çıxarıb ki, Orta Dəhliz layihəsi bir çox dövlətlər tərəfindən dəstəklənir. Burada Azərbaycan unikal xüsusiyyətə malikdir. Biz yeganə ölkəyik ki, həm Qərb-Şərq dəhlizində, Həm də Şimal-Cənub dəhlizində coğrafi baxımdan əvəzedilməz əhəmiyyətə malikik. Bunu görmək üçün sadəcə xəritəyə və indiki geopolitok vəziyyətə baxmaq kifayət edir”.

Sabiq nazir qeyd edib ki, indiki görüşün xüsusiyyəti Şimal-Cənub dəhlizi ilə bağlı olmasıdır:

“Orada Astara-Rəşt və ondan sonra davam edən dəmir yollarının tikintisi nəzərdə tutulub. İran öz tərəfindən həmişə bu öhdəlikdən yayınırdı. Hətta vaxtilə Azərbaycan kredit verməyə də hazır idi və s. 2020-ci ildən, Azərbaycanın işğal altında olan əraziləri azad olunduqdan sonra yeni imkanlar yaranıb. Bu da Zəngəzur dəhlizinin istifadəsi konteksində Şimal-Cənub dəhlizi üçün nəzərdə tutulan dəmir yolları və kommunikasiyaların açılması baxımından aktualdır. Hələ Sovetlər vaxtında da Şimal-Cənub deyilən istiqamət Naxçıvanın Culfa şəhərindəki birləşmə, yəni Sovet İttifaqının və İranın dəmir yollarının birləşməsini təmin edən vacib bir nöqtə idi. Amma bildiyimiz kimi, münaqişə nəticəsində həmin yollar kəsilib. İndi isə imkan var ki, bu yolların və Zəngəzur dəhlizinin bərpası nəticəsində Şimal-Cənub dəhlizi də aktual bir mövzu kimi gündəmə gəlsin. Xatırlatmaq istəyirəm ki, Culfada müəyyən imkanlar və texniki avadanlıqlar var. Sovet vaqonlarının təkərləri İran dəmir yollarındakı vaqonların təkərlərindən fərqli idi. Orada xüsusi avadanlıq var və həmin avadanlıq sayəsində bu kommunikasiya və yol işləyirdi. İndi biz görürük ki, belə layihələr üçün böyük əsas var və hesab edirəm ki, bu çərçivədə müzakirə olunan mövzular aktualdır. Azərbaycan özünün geosiyasi əhəmiyyətini daha da yüksəltmək üçün bu imkanlardan istifadə edəcək”.